2019-cu ildən başlayaraq müxtəlif xarici ölkələrdə həftəsonu Azərbaycan məktəbləri fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında çıxışı zamanı səsləndirdiyi tövsiyələr rəhbər tutaraq həftəsonu məktəblərinin sayı artırılıb və əhatə dairəsi daha da genişləndirilib.
“Yeni Sabah” xəbər verir ki, xaricdəki hər bir həftəsonu Azərbaycan məktəblərində Azərbaycan dili, Azərbaycan tarixi və Azərbaycan mədəniyyətinin tədrisi mütləq şəkildə həyata keçirilir.
Məktəblərdə həmçinin xarici dillər, musiqi, rəsm dərsləri, gimnastika və digər idman növləri üzrə dərslər tədris olunur, dünyagörüşü kursları, ali məktəblərə hazırlıq kursları, məktəqədər hazırlıq kursları, dram dərnəkləri var. Həftəsonu məktəblərində mütəmadi olaraq müxtəlif istiqamətlər üzrə yarış və müsabiqələr təşkil olunur.
Qeyd edək ki, bəzi ölkələrdə həftəsonu məktəblərindəki tədrislə bağlı hədəflər dəyişir. Məsələn, Gürcüstanda yaşayan azərbaycanlıların ali məktəblərə qəbulu üçün gürcü dili, ingilis dili, riyaziyyat və məntiq xüsusi əhəmiyyət daşıdığına görə, ali məktəblərə hazırlıq kurslarında və ümumilikdə bütün kurslarda qeyd olunan fənlər xüsusi tədris olunur. Hazırda Gürcüstanda yaşayan 1651 azərbaycanlı uşaq və gənc həftəsonu məktəblərinin və kursların xidmətindən təmənnasız istifadə edir.
Xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəbləri üçün “Azərbaycan dili” kitabı hazırlanaraq çap olunub.
Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaiti hazırlanaraq çap olunub.
Hazırda 24 ölkədə 90-dan çox həftəsonu məktəbi var və xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəblərinin 31-i xaricdəki Azərbaycan Evlərində, digərləri isə diaspor təşkilatlarının, mədəniyyət mərkəzlərinin nəzdində və müstəqil şəkildə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs vəsaitləri ilə və tədris üçün lazım olan bütün vəsaitlərlə təmin edir. Xaricdə yaşayan hər bir soydaşımız və ölkəmizi sevən xaricilər Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir.
Azərbaycanlıların məskunlaşdıqları ölkələrin bəzi regionlarında onların kompakt yaşamamaları Azərbaycan dili və digər fənlərin tədrisinin əyani aparılmasına imkan vermir. Bunu nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaşayan azərbaycanlılar üçün məsafədən təhsil məqsədilə www.millidilli.eu Milli Dilli onlayn təhsil platforması yaradılıb. Platforma dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqları və müəllimləri vahid onlayn tədris proqramı ətrafında birləşdirir. Ümumilikdə platforma təlimində bu günə qədər 55 müəllim iştirak edib.
Telegram kanalımız