Son günlər ABŞ atdığı addımlar və verdiyi açıqlamalarla diqqəti cəlb edir. Diqqət cəlb edən açıqlamalardan biri ABŞ Prezidenti Donald Trampın İranda etirazçılar öldürülərsə, İranı vuracağı ilə bağlı bəyanatıdır.
Bəs bu, beynəlxalq hüquqla nə dərəcədə uyğunlaşır?
Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a danışarkən bildirdi ki, verilən bəyanat sərt səciyyələndirilir:
"Əslində bu bəyanat İran rejimini bu kimi əməllərdən çəkindirmək məqsədi daşıyır və həmçinin ABŞ burada özünü insan haqlarının müdafiəçisi kimi mövqeyini göstərir, demokratiya carçısı kimi imicini saxlamağa çalışır. Bunlar İranda sosial zəmində baş verən etirazlardır və məlum məsələdir ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan dolayı ölkədə durum kritik həddə çatıb. ABŞ baş verənlərə görə İran hökuməti ilə danışıqlar aparmağı təklif etsəydi və yaxud digər demokratik mexanizmlərdən istifadə etsəydi, bu, daha çox beynəlxalq hüquqa və demokratiya dəyərlərinə uyğun olardı, nəinki İranı, mövcud rejimi cəzalandırmaq üçün vurmaqla təhdid etməsi".
Müsahibimiz vurğuladı ki, ABŞ-yə bu haqqı heç kim verməyib:
"Son vaxtlar ABŞ-nin atdığı addımlar beynəlxalq hüquqa sığmır və tam olaraq güc nümayiş etdirir. Bu isə öz növbəsində dünyadakı nizam və intizamı pozur və pis nümunə olaraq təkrarlanmasına zəmin yaradır. Bu baxımdan ABŞ prezidentinin bu açıqlaması qanuni əsaslara söykənmir və belə bir addımın atılmasına haqqı yoxdur. Bunu etmək üçün beynəlxalq hüquq normaları mövcuddur və BMT-nin Təhlükəsizlik Şurasının qərarına əsasən mandat sahibi olmaq lazımdır. Bu baxımdan Trampın bəyanatı müharibə qətnaməsi kimi qəbul edilməməlidir. Tramp bu bəyanatı ilə diplomatik təzyiq, siyasi strategiya həyata keçirdiyini göstərir və bu, belə qiymətləndirilə bilər.
İran tərəfi isə Trampın bu açıqlamasını “daxili işlərinə müdaxilə” olaraq qiymətləndirir və etirazları xarici təhrik adlandıraraq sərt cavab verib. İranın bu cavabını isə, əlbəttə ki, diplomatik cavab olaraq dəyərləndirmək olar".
Aytəkin TOFİQQIZI