Xəbər verdiyimiz kimi, İranda inflyasiyanın kəskin artması və milli valyutanın dollara nisbətdə rekord səviyyədə ucuzlaşması fonunda son üç ilin ən böyük etiraz aksiyaları keçirilir. Artıq 9 gündür davam edən genişmiqyaslı aksiyalar ölkənin 26 əyalətində yerləşən 78 şəhəri əhatə edib. Məlumata görə, iğtişaşlar nəticəsində ümumilikdə 20 nəfər həlak olub. Ölənlərdən 19-u mülki şəxs, biri isə hüquq-mühafizə orqanlarının əməkdaşıdır.
Hadisələr zamanı 51 nəfərin yaralandığı, 990 nəfərin isə saxlanıldığı bildirilir.
Maraqlıdır, etirazların qısa müddətdə bu qədər geniş miqyas almasının əsas səbəbləri nədir? Azərbaycanlılar bu aksiyalarda niyə fəal deyil?
Mövzu ilə bağlı Bakupost.az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, hazırda İranda 2022-ci ildəki Məhsa Əmini hadisələrindən sonra ən böyük etiraz dalğası baş qaldırıb:

“Cari ilin yanvarından etibarən bu etirazlar daha da kəskinləşib. Hiss olunur ki, aksiyalar həm miqyas baxımından genişlənir, həm də mahiyyətinə görə əvvəlkilərdən çox fərqlənir. Çünki 2022-ci ildəki etirazların mərkəzində daha çox qadın, həyat, azadlıq şüarları dayanır və sosial azadlıqlar ön plana çıxırdı. Hazırkı aksiyalarda isə siyasi motivlərin daha qabarıq olduğunu görürük.
Əlbəttə, bu etirazlar ilk növbədə iqtisadi çətinliklərdən qaynaqlanır. Milli valyutanın - rialın kəskin dəyər itirməsi, su qıtlığı, gündəlik tələbat mallarının - çörəyin, yanacağın və s. birdən-birə həddindən artıq bahalaşması etirazlara səbəb oldu. Etirazlara səbəb olan ilkin amillər məhz bunlar idi. Lakin çox keçmədən siyasi şüarların səsləndirilməsinin şahidi olduq. Xüsusən indiyədək toxunulmaz sayılan mövzularda ali dini siyasi liderə ünvanlı istefa şüarları səsləndi, siyasi idarəetmənin yarıtmaz olduğu barədə etirazlar dilə gətirildi. Bu isə bir daha göstərdi ki, artıq daha çox siyasi motivli aksiyalara şahidlik edirik”.

Z.İbrahimli vurğulayıb ki, diqqət çəkən dahar bir məqam etiraz aksiyalarının əsasən farslar, bəluclar və kürdlərin yaşadığı bölgələrdə baş verməsidir:
“Xüsusilə fars bölgələrində aksiyaların siyasi xarakteri və kəskinliyi daha açıq hiss olunur. Pəhləvi sülaləsindən Rza Pəhləvinin ölkəyə geri qayıtması ilə bağlı tələblərin səsləndirilməsi isə ayrıca diqqət çəkir. Çünki bundan əvvəlki aksiyalarda bu cür açıq çağırışlar eşidilmirdi. Bu tələblərlə yalnız İran diasporu çıxış edirdi. İndi isə fars bölgələrində bu çağırışlar etiraz aksiyalarının əsas leytmotivinə çevrilib. Təsadüfi deyil ki, etiraz aksiyaları ölkənin Sistan-Bəlucistan vilayətində, eləcə də qərbdə Kürdüstan və Luristan bölgələrində daha qanlı xarakter alıb. Hətta qeyd olunur ki, həmin ərazilərdə küçə döyüşləri başlayıb. Lakin Azərbaycan şəhərləri, xüsusən Təbriz hələlik tam miqyasda təmkinini qoruyur. Aydın hiss olunur ki, Cənubi Azərbaycandan olan soydaşlarımız bu prosesləri daha çox fars elitasının, eləcə də İrandakı müxtəlif daxili siyasi qüvvələrin güc savaşı kimi qiymətləndirirlər. İndiki etirazların leytmotivi cənublu soydaşlarımızın milli davası, haqq və azadlıqları uğrunda apardıqları mübarizə ilə səsləşmir”.

Z.İbrahimlinin sözlərinə görə, digər diqqət çəkən məqamlardan biri də Təbriz tacirlərini birləşdirən birliyin çağırışı olub:
“Bu çağırış olduqca mühüm idi və düşünürəm ki, zamanında atılmış addım idi. Çağırışda bəyan olunurdu ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız təmkinli olmalı, asayişi və sabitliyi qorumalıdırlar. Bu da təsadüfi deyil. Çünki dəfələrlə olub ki, etirazların səbəbi və mənşəyi soydaşlarımızla bağlı olmayıb, lakin İran iqtidarı bunu bəhanə edərək soydaşlarımıza qarşı geniş miqyaslı repressiyalar həyata keçirib. Hazırda da məhz buna yol verməmək, eyni zamanda fars millətçiliyinin növbəti dalğasını dəstəkləməmək üçün soydaşlarımız təmkinlərini qoruyurlar. Bizim təhlil etdiyimiz qədər, soydaşlarımızın əsas tələbi daha çox konstitusion islahatların həyata keçirilməsi, iqtisadi islahatların aparılması, İranda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, onların fundamental hüquq və azadlıqlarının reallaşdırılması üçün hüquqi və institusional mexanizmlərin yaradılmasıdır. Lakin hazırda müşahidə etdiyimiz etirazlar daha çox fars millətçiliyinin növbəti dəfə başqa bir formada siyasi hakimiyyəti dəyişmək cəhdləri kimi görünür. Hər halda səsləndirilən şüarlar bunu deməyə əsas verir”.
Politoloq qeyd edib ki, böyük ehtimalla bu aksiyalar xaricdən dəstəklənir və koordinasiya olunur:
“İndiyə qədərki tarixi təcrübə də göstərir ki, məhz xarici təsirlərlə və müdaxilələrlə koordinasiya olunan heç bir dəyişiklik Cənubi Azərbaycanda soydaşlarımıza verilən vədlərin yerinə yetirilməsi ilə nəticələnməyib, onlar üçün rifah, təhlükəsizlik və azadlıq gətirməyib. Bu baxımdan soydaşlarımızın indiki mövqeyi başadüşülən və rasionaldır. Bəs soydaşlarımızın bu mövqeyi nə verəcək? Sirr deyil ki, Cənubi Azərbaycanlıların fəal iştirakı olmadan İranda hər hansı fundamental dəyişikliyə nail olmaq qeyri-mümkündür. Əgər hər hansı nəticə olacaqsa, bu, yalnız müvəqqəti nəticə olacaq. Bu baxımdan düşünürəm ki, Cənubi Azərbaycan rəy liderləri, onların qeyri-formal təşkilatları və ictimai birlikləri məhz elə bir ssenarini dəstəkləyəcəklər ki, burada islahatlar proqramı qəbul olunsun və bu proqramın mərkəzində azərbaycanlıların haqq və azadlıqları dayansın. Eyni zamanda ölkədə asayiş bərpa olunsun, proseslər mərhələli şəkildə həyata keçirilsin, İran dünyaya açılsın, aqressiv xarici siyasətdən əl çəksin və proseslər təkamül yolu ilə reallaşsın.Yox, əgər hadisələr başqa ssenari üzrə inkişaf edərsə, yəni faktiki olaraq vətəndaş müharibəsi və digər qanlı ssenarilər reallaşdırılarsa, düşünürəm ki, bu halda cənublu soydaşlarımız müvafiq addımlar atacaqlar. Onların bu məsələlərdə artıq kifayət qədər siyasi təcrübəsi formalaşıb, yetkinlik səviyyəsi mövcuddur. Prioritetlər isə əvvəl də qeyd etdiyim kimidir. Tarixi təcrübədən çıxış edərək soydaşlarımız mərhələli təkamül və insan haqları mərkəzli siyasi proqramı dəstəkləyəcəklər”.