Yaponiyanın Şimane və Tottori əyalətlərində bir sıra zəlzələlər qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, onlardan ən güclüsü Bakı vaxtı ilə saat 05:18-də 6.2 bal gücündə baş verib.
10 kilometr dərinlikdə baş verən ilk zəlzələnin episentri Şimane əyalətinin şərqində yerləşib. Sarsıntı Yaponiyanın qərb bölgələrində geniş ərazidə hiss olunub və televiziya yayımı ilə mobil telefonlarda erkən xəbərdarlıq siqnalları işə düşüb.
Şimane əyalətinin Matsue və Yasugi, Tottori əyalətinin isə Sakaiminato, Hino və Kofu bölgələrində 5 bal gücündə seysmik təsir qeydə alınıb.
Yaponiyanın Meteorologiya Agentliyi sunami təhlükəsinin olmadığını açıqlayıb.İlkin sarsıntıdan sonra bölgədə daha 10 zəlzələ baş verib. Onlardan biri 5.1 bal gücündə olub və 5 bal seysmik intensivliklə ölçülüb.
Baş nazir Sanae Takaiçi çərşənbə axşamı səhər jurnalistlərə verdiyi açıqlamada hökumətin zərərin miqyasını qiymətləndirdiyini və bölgə sakinlərini güclü təkanlarla müşayiət oluna biləcək artçı zəlzələlərə qarşı hazırlıqlı olmağa çağırıb.
Nazirlər Kabinetinin baş katibi Minoru Kihara saat 11:00-a olan məlumata əsasən bölgədəki atom elektrik stansiyalarının zəlzələdən təsirlənmədiyini bildirib.
Qeyd edək ki, Şimane əyaləti Çuqoku Elektrik Enerjisi Şirkəti tərəfindən idarə olunan bir atom elektrik stansiyasına ev sahibliyi edir.