Bakı, 6 yanvar, AZƏRTAC
Aleksandr Tarakanov Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasında maksimumunu göstərdi. Hər birimiz ondan razı qaldıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə koordinator vəzifəsində çalışan Rafiq Hüseynov milli komandadan ayrılan baş məşqçi Aleksandr Tarakanovla bağlı danışarkən deyib.
O, rusiyalı mütəxəssisin yığmadakı işinin uğurlu alındığını bildirib: “Tarakanovun rəhbərliyi dövründə iki dəfə dünya, iki dəfə Avropa çempionu olmuşam, bir dəfə isə Olimpiya Oyunlarının bürünc medalını qazanmışam. Güclü mütəxəssisdir və biz ondan razı qaldıq. Hesab edirəm ki, həm güləş ictimaiyyəti, həm də federasiya onun fəaliyyətini yüksək qiymətləndirib. Müqavilə müddəti başa çatdığı üçün yollar ayrıldı. Burada maksimum potensialını göstərdi və yunan-Roma güləşi üzrə komanda onun dönəmində ciddi nəticələr əldə etdi”.
Veteran güləşçi yığmaya baş məşqçi təyin olunacağı ehtimal edilən Məhəmməd Bəna barədə də fikirlərini bölüşüb: “Çox güclü mütəxəssisdir. Onu yaxından tanıyıram. Dünya və Olimpiya çempionları yetişdirmiş məşqçidir. Ümid edirəm ki, təyinat rəsmiləşərsə, Azərbaycanda da bu uğurları təkrarlaya bilər. Lakin hazırda bu, ehtimaldır. Hələlik federasiya tərəfindən onunla bağlı rəsmi qərar verilməyib”.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan Aleksandr Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, "Tokio-2020" və "Paris-2024" Yay Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.