Bakı, 6 dekabr, AZƏRTAC
2025-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən elmi düşüncənin inkişafı və multikultural dəyərlərin sistemli şəkildə dünyaya təqdim olunması istiqamətində də mühüm işlər görülüb. Bu baxımdan, Mərkəzin elmi-tədqiqat və nəşriyyat fəaliyyəti 2025-ci ildə xüsusilə ön plana çıxıb. BBMM-in “International Journal of Multiculturalism” adlı beynəlxalq elmi jurnalının iki sayı nəşr edilib. “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusuna həsr olunan II beynəlxalq elmi konfransın materialları toplanaraq kitab şəklində dərc olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Mərkəzin 2025-ci ildə görülmüş işlərlə bağlı hesabatında yer alıb.
Bildirilib ki, multikulturalizm ideyalarının müxtəlif coğrafiyalarda təbliği məqsədilə “Multikulturalizmin Azərbaycan modeli” adlı kitab ərəb dilində çap olunub. İşğal dövründə dağıdılmış mədəni irsimizi sənədləşdirən “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu işıq üzü görüb.
Eyni zamanda, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində “Əli və Nino” romanının Ukrayna dilində nəşri həyata keçirilib. “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalının 5-ci buraxılışı, talış dilində “Mən fəxr edirəm ki Azərbaycanlıyam”, ləzgi dilində “Həyatnamə əsəri” kitabları, eləcə də “İslamofobiya – Şərq və Qərbin divanı” və “Avropa İslamofobiya hesabatı” kimi nəşrlər Azərbaycanın həm daxildəki mədəni müxtəlifliyini, həm də qlobal miqyasda islamofobiya ilə mübarizədə fəal mövqeyini əks etdirib.