Bakı Apellyasiya Məhkəməsində cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İtihama görə, təqsirləndirilən şəxslər 300-ə yaxın formal şirkət yaradaraq müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.
Məlumata görə, Emil Qulubəyov “Spektr-R” MMC-nin rəhbəri olub.
Nəriman Lazimi isə “Kondor TS” MMC-nin rəhbəri kimi fəaliyyət göstərib.
Onların barəsində Cinayət Məcəlləsinin 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma — qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.3-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılaraq ittiham irəli sürülüb
İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs barəsində verilmiş ittiham üzrə 193-1.2.3-cü maddə sübuta yetirilmədiyi üçün bəraət verilib. Digər maddə ilə Emil Qulubəyov 3 il 5 ay, Nəriman Lazimi isə 7 il azadlıqdan məhrum ediliblər.
Kamal Məmmədov