Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Amil Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Amil Bəşirov tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) aldadıb və onun etibarından sui-istifadə edib.
Belə ki, təqsirləndirilən şəxs özünü tikinti briqadasına rəhbərlik edən və fərdi yaşayış evlərinin təmiri ilə məşğul olan şəxs kimi təqdim edərək zərərçəkmişin etibarını qazanıb. O, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən mənzillərdən birini tam təmirini həyata keçirəcəyinə dair yalan vədlər verib. Bu vədlərlə M.M.-dən 2023-cü ilin fevral, aprel və may aylarında müxtəlif ünvanlarda olmaqla ümumilikdə 158 500 manat məbləğində pul vəsaiti alıb. Amil aldığı məbləğin cüzi hissəsini iş görüntüsü yaratmaq məqsədilə təmirə xərcləsə də, əsas hissəni şəxsi ehtiyacları üçün istifadə edib və verdiyi öhdəlikləri yerinə yetirməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Bəşirov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun ekstradisiya məqsədilə tutulub həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilib və cəzanın çəkilməsinin 24 sentyabr 2024-cü il tarixdən hesablanması müəyyən olunub. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həmçinin məhkəmənin hökmü ilə zərərçəkmiş şəxsin mülki iddiası təmin edilib, təqsirləndirilən şəxsdən 50 000 manat maddi ziyan və 240 manat dövlət rüsumu tutulması qərara alınıb. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.
Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək, əməli mülki hüquq mübahisəsi kimi qiymətləndirib və cinayət tərkibinin olmadığını əsas gətirməklə hökmün ləğv edilməsini, Amil Bəşirov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Kamal Məmmədov