AZ

Economist: Tramp administrasiyası Qrenlandiya üzrə saziş layihəsi hazırlayır...

Vaşinqton adaya azad assosiasiya modeli təklif etməyi nəzərdən keçirir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiya ilə bağlı mümkün razılaşmanın layihəsini hazırlayır və bu sənədin ada hakimiyyətinə təqdim olunması istisna edilmir. Bu barədə Britaniyanın nüfuzlu The Economist jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonda Qrenlandiya ilə Azad Assosiasiya Müqaviləsinin bağlanması variantı müzakirə olunur. Belə bir razılaşma adada əhalinin həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutur. ABŞ bu cür sazişləri artıq Mikroneziya, Marşall adaları və Palau ilə imzalayıb: Vaşinqton maliyyə dəstəyi göstərir, tərəfdaş ölkələr isə daxili özünüidarəni qorumaqla müdafiə məsələlərini ABŞ-yə həvalə edir.

The Economist vurğulayır ki, Tramp administrasiyasının Qrenlandiya siyasəti iki əsas məqsəd güdür. Birincisi, Danimarka ilə Qrenlandiya arasında fikir ayrılıqlarını dərinləşdirmək, ikincisi isə Kopenhageni prosesdən kənarda qoyaraq birbaşa ada rəhbərliyi ilə razılaşmaya nail olmaqdır. Bununla belə, jurnal Qrenlandiyanın “birbaşa anneksiyası”nı az ehtimal olunan ssenari kimi qiymətləndirir və qeyd edir ki, ABŞ-nin iddiaları Avropa ölkələrinin liderləri arasında ciddi narahatlıq doğurub.

Nəşr xatırladır ki, Qrenlandiyada artıq ABŞ-yə məxsus hərbi baza fəaliyyət göstərir və Danimarka ilə mövcud razılaşmalar ABŞ qoşunlarının sayına ciddi məhdudiyyət qoymur. Bununla yanaşı, hərbi kontingentin əhəmiyyətli dərəcədə artırılması ehtimal ki, Kopenhagenin razılığını tələb edəcək.

Qeyd olunur ki, yanvarın 4-də Donald Tramp ABŞ-nin milli təhlükəsizlik maraqlarını əsas gətirərək Qrenlandiya üzərində nəzarətin vacibliyini bəyan edib. O, adanın ətrafında Rusiya və Çin gəmilərinin fəallığını xüsusi vurğulayıb. Analitiklərin fikrincə, Qrenlandiya ətrafında gedən bu müzakirələr Arktika regionunda geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir.

Poliqon.info

Seçilən
72
50
poliqon.info

10Mənbələr