AZ

Emin PİRİ: AĞ XALATLI SEVGİ

Gözlərim tutanda baxışlarını
ürəyimi çəkirsən hər dəfə bir diş kimi.
Axı, bu ürəkdi,
diş deyil, 32 ola.
İnsafın olsun,
məndə bu qədər ürək hardandır, ay həkim qız?!

 

And ola Hipokrata-
sağaltmırsan, öldürürsən məni-
sən başqa xəstəyə baş çəkəndə.

 

Nə əlindəki stetoskop, nə başqa alət
eşitməz qəlbimin səsini.
Özün qoy başını
sinəmə, qəlbimin üstə, ay həkim qız.
Dinlə-
sənə doğru yorğa qaçan ürəyimi-
bəsimdi.

 

Gecələr tələsim evə.
Qapını açmaq istəyəndə
əllərim cəftəni yox,
əllərini tutsun-
bəsimdi.

 

Bilsəm ki, ağ xalat çıxar əynindən
kəfən əvəzinə örtər üstümü.
Bir anda ölərəm
görüm deyə əndamı-
bəsimdi.

 

Vallah, xeyri yoxdu mənə
resept kağızında yazdığın
adını duymadığım dərmanların.
Heyf etmə boş yerə o vərəqləri, ay həkim qız,
üzündən öpüm-
bəsimdi.

 

Əsəbim soyumaz,
nə otlar, nə də sakinləşdirici dərmanlarla.
sevgim gübrələyər bətnindəki çiçəyi-
Bəlkə hirsim soyuya.

Nə sistem, nə damarımdakı iynə,
durultmaz qanımı.
Uzun, qara saçların dolana qollarıma-
bəsimdi.

 

Boş ver analiz cavablarını,
At bir kənara
qol çəkdiyin qeydiyyat kitabçasın, ay həkim qız.
Götür onların yerinə
nikah kağızına bir qol çək-
bəsimdi.

Seçilən
21
adalet.az

1Mənbələr