Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ölkə Amerika rəhbərliyi altında "uzunmüddətli bərpa" prosesinə ehtiyac duyur.
Tramp xəbərdarlıq edib ki, Karakasdakı mövcud hökumət Vaşinqtonla əməkdaşlıqdan imtina edərsə, ABŞ ikinci bir hərbi müdaxiləyə hazırdır. Bununla yanaşı, o, ABŞ-nin Venesuela ilə müharibə apardığını inkar edərək bildirib ki, Vaşinqton narkotik qaçaqmalçıları, cinayətkar qruplar və "məhbusları həbsxanalardan azad edib ABŞ-yə göndərənlər"lə mübarizə aparır.
ABŞ prezidenti Venesuela vitse-prezidenti Delsi Rodrigezin ABŞ hökuməti ilə əməkdaşlıq etdiyini iddia edib. Trampın sözlərinə görə, Venesuelanın idarəçiliyində iştirak edəcək ABŞ rəsmilərindən ibarət qrupa dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller və vitse-prezident C.D. Vens daxil olacaq. Əsas qərarverici şəxsin kim olacağı sualına isə Tramp "mən" cavabını verib.
Tramp yaxın 30 gün ərzində Venesuelada seçkilərin keçirilməsini də istisna edib. O bildirib ki, ölkə əvvəlcə "sağalmalıdır" və normal vəziyyətə qayıtmalıdır. ABŞ prezidentinin hesablamalarına görə, bərpa prosesi 18 aydan az çəkə bilər, lakin bunun üçün sonradan neft gəlirləri hesabına geri qaytarılacaq böyük maliyyə vəsaiti tələb olunacaq.
ABŞ-nin Venesuela hökumət rəsmiləri ilə prezident Nikolas Maduronun devrilməsi ilə bağlı razılaşmasının olub-olmaması sualına Tramp "Bəli" cavabını verib və bir çox şəxsin belə razılaşma istədiyini bildirib. O, həmçinin yanvarın 3-də ABŞ-nin "Mütləq Qətiyyət" adlı əməliyyatı həyata keçirdiyini açıqlayıb. Daha əvvəl "New York Times" qəzeti Vaşinqtonun Venesuela hakimiyyəti daxilində Maduronun ələ keçirilməsi planına kömək edən agentinin olduğunu yazmışdı.
Qeyd edək ki, ABŞ Nikolas Maduronu "narkoterrorizm", ölkəyə kokain qaçaqmalçılığı ilə bağlı sui-qəsd və qanunsuz silah saxlamaqda ittiham edir. Yanvarın 5-də Maduronun və həyat yoldaşının Nyu-Yorkda məhkəmə qarşısına çıxması barədə məlumat yayılıb. Hər iki şəxs irəli sürülən ittihamları rədd edir.