AZ

Azərbaycandakı partiya sədrləri: Tramp özbaşınalıq etdi!

Yanvarın 3-də ABŞ ordusu Venesuelada həyata keçirdiyi 2 saatlıq əməliyyat nəticəsində bu ölkənin prezidenti Nikolas Maduronu vəzifəsindən devirib. ABŞ-yə aparılan Maduro ötən axşam Nyu-York Məhkəməsində mühakiməyə çıxarılıb.

Bu hadisə Venesuelanın daxilində və beynəlxalq səviyyədə böyük rezonans doğurub.

Venesuelada baş verən beynəlxalq siyasi-hərbi böhrana münasibətlər fərqlidir. Bəziləri Maduronun diktator olması və dövlətini pis vəziyyətə salmasını əsas gətirərərək, onun ələ keçirilməsinə haqq qazandırır. Digər yandan isə əksəriyyət hadisənin beynəlxalq hüquqa, BMT Nizamnamələrinə zidd olduğunu vurğulayır. 

Azərbaycandakı siyasi partiyaların məsələyə münasibəti də maraq doğurur.

Modern.az saytı partiya liderlərinin fikirlərini öyrənib.

Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, ABŞ-nin hərəkətləri beynəlxalq hüquqa ziddir və təqdir oluna bilməz:

“Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsinə iki yanaşma mövcuddur. Bəziləri düşünür ki, ABŞ doğru olaraq Nikolas Maduroya qarşı bu addımları atıb. Çünki Maduro diktatordur, seçkiləri saxtalaşdırıb, narkotik alveri ilə məşğul olub və ABŞ istədiyi kimi istənilən ölkəni bombalaya bilər. Digər tərəfdə olanlar isə ABŞ-nin Venesuelaya qarşı atdığı addımın beynəlxalq hüququn əsas prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olmadığını deyir.

Birinci mövqedə olanlar, yəni ABŞ-ni haqlı görənlər Qərbin agentura şəbəkələri və onlara yaranmaq istəyənlərdir. Özlərini ortaya qoyublar ki, bunlardan istifadə etsinlər. Bunlar üçün müqəddəs heç nə yoxdur. Beynəlxalq hüquq filan onlar üçün boş anlayışlardır. Özlərini demokrat kimi qələmə verirlər, amma faktiki olaraq Qərbin agentura şəbəkələridirlər. Bu adamların içərisində partiya sədrləri də, media və QHT nümayəndələri də var. Bunlar hamıya hər şey deyə bilərlər, amma Qərbə heç nə.

Bunlara bənzər nümunə Rusiya agentura şəbəkəsidir – onlar da hamıya hər şey deyə bilərlər, Rusiyaya yox. Yaxud İranın agentura şəbəkəsi: hamıya hər şey demək olar, amma İran əleyhinə nəsə deyəndə bunlar yaxalarını cırırlar. Təəssüflər olsun ki, Azərbaycanda ayrı-ayrı ölkələrin agentura şəbəkələri mövcuddur və belə adamlar siyasi təşkilatların içərisində də var, politoloqlar arasında da mövcuddur.

Digər tərəfdən, bizim siyasi cameənin bir qismi belə mövqedədir ki, ABŞ-nin bu hərəkətləri beynəlxalq hüquqa ziddir. Mənim də düşüncəm budur ki, ABŞ-nin addımları beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ziddir. Əsas məqsəd Venesuelada demokratiya yaratmaq deyil. ABŞ çoxlu avtoritar rejimlərlə əməkdaşlıq edib, onlara dəstək verib. ABŞ imperiya dövlətidir və orta əsr qanunları ilə idarə etməyə çalışır. Məqsəd Venesuelanın təbii sərvətlərini və nadir elementlərini ələ keçirməkdir.

Adama deyərlər, yaxşı, sən diktatoru devirirsən, bəs niyə Venesuelanı və neft şirkətlərini ABŞ idarə etməlidir?! Bu baş verənlər pis tendensiyadır. Dünyanın hər yerində beynəlxalq hüquq işləməlidir. Lakin təəssüf ki, indi beynəlxalq hüquq yox, beynəlxalq güc işləyir. Rusiya əvvəl Krımı, indi isə Ukraynanın 20 faiz ərazisini işğal edib. ABŞ də indi Venesuelanı işğal edir. Özünü demokrat adlandıranlar var ki, yenə deyirəm, onlar ABŞ-nin hər bir addımına don geyindirə bilərlər. Azərbaycanda da belələri var. ABŞ-nin hərəkətləri beynəlxalq hüquqa ziddir və təqdir oluna bilməz”.

Azad Vətən Partiyasının sədri Akif Nağı: “ABŞ öz qitəsində situasiyaya tam nəzarət etmə xəttini tutub. Venesuela, Kuba kimi ölkələr əvvəllər SSRİ-nin təsiri altında olub və ABŞ üçün təhdid yaradıb. Daha sonra Rusiya da eyni xətti davam etdirib. Lakin Rusiya ilə əlaqəsi olan ölkələr bədnam, əhalisi müflis vəziyyətdə yaşayıb. Çoxlu sərvətlərə malik olmasına baxmayaraq, Venesuela əhalisi yoxsul yaşayıb. Bu da Rusiya ilə əlaqədardır. Çünki Rusiya kiminlə əlaqə saxlayıbsa, onu istismar edib.

Hesab edirəm ki, Amerika qitəsində ölkələr öz aralarındakı münasibətləri özləri qurmalıdırlar. Trampın bu addımı düşünürəm ki, dünyada gedən proseslərə müəyyən müsbət təsir göstərəcək. İlk növbədə Maduro diktator idi və ölkəsinin vəziyyətini pis hala salmışdı. Azadlıq yox idi, normal seçkilər keçirilmir, əhali yoxsul vəziyyətdə yaşayırdı. Bütün bunları nəzərə alaraq getməli idi. Sadəcə olaraq daxili proseslərlə getsəydi, daha yaxşı olardı.

ABŞ-nin bu cür müdaxiləsi başqa bir fikir də yaradır ki, o, bir ölkənin diktatorunu devirir, lakin özü dünya diktatorluğu həvəsindədir. “İstənilən ölkəyə müdaxilə edə bilərəm” mesajı verməklə dünyanı diktaturası altında saxlamaq istəyir. Bu da yaxşı təəssürat yaratmır.

Hər halda belə bir prinsip var ki, vasitə məqsədə bəraət qazandırır. Məqsəd odur ki, ölkələrdə demokratik quruluşlar bərqərar olsun. Amma bunu hansı vasitələrlə? Bu vasitələr uyğun deyil. Hədəf nə qədər təmiz olsa da, məqsəd nə qədər doğru olsa da, bunun üçün vasitələr də düzgün və obyektiv olmalıdır. Bu baxımdan vasitələr qəbul edilə bilməz.

ABŞ Azərbaycanın müttəfiqidir. Hadisələrin yaşandığı bir vaxtda ABŞ-dən çox sanballı heyət Bakıda görüşlər keçirirdi, cənab Prezident də həmin heyəti qəbul etdi. Azərbaycan–ABŞ münasibətləri ilə bağlı maraqlı mesajlar verildi”.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev: “ABŞ-nin Venesuela ərazisində hərbi əməliyyat apararaq ölkə başçısı Nikolas Maduronu həbs etməsi beynəlxalq hüququn əsas məntiqi ilə ziddiyyət təşkil edir. Burada əsas risk ondadır ki, hüquqi mexanizmlər kənara qoyulur və siyasi məqsədlər güc yolu ilə həll edilir.

Bu yanaşma dünyaya təhlükəli mesaj verir: qaydalar hamı üçün eyni deyil və güc hüququ üstələyə bilər. Belə presedentlər beynəlxalq münasibətlərdə etimadı zəiflədir, qeyri-sabitliyi artırır və oxşar addımların başqa regionlarda da təkrarlanmasına zəmin yaradır.

Bizim ölkə də daxil olmaqla digər dövlətlər üçün bu hadisə açıq dərsdir: suverenlik yalnız bəyanatlarla deyil, daxili sabitlik, ölçülü diplomatiya və balanslı siyasətlə qorunur. Qlobal nizam güc tətbiqi üzərində qurularsa, bu, heç kim üçün təhlükəsiz gələcək vəd etmir”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli: “ABŞ-nin Venesuelaya qarşı son hərbi əməliyyatları beynəlxalq hüququn prinsiplərinə ziddir. Bir dövlət güclüdürsə, bu ona digərini işğal etməyə əsas vermir. Venesuela prezidenti Maduro ölkəsində avtoritar rejim yaratmışdı. Ölkə əhalisi iqtisadi və sosial problemlər içərisində boğulurdu. Neftlə zəngin ölkənin vətəndaşları aclıq və səfalət içində yaşayır, ölkə narkotik ticarət məkanına çevrilmişdi. Bütün bunlar Maduronun dövlət başçısı kimi öz vəzifəsini yerinə yetirə bilmədiyini göstərir. O, yəqin ki, Venesuela tarixində utanverici prezident kimi qalacaq.

Lakin onun vəzifədən uzaqlaşdırılması üçün prosedurlar mövcuddur və bunlar beynəlxalq hüquqda təsbit olunub. Onları icra etmək ABŞ-nin səlahiyyətlərinə aid deyil. ABŞ faktiki olaraq özbaşınalıq edərək başqa bir ölkənin prezidentini ələ keçirib.

Birləşmiş Ştatların bu hərəkəti beynəlxalq münasibətlərdə çox pis bir presedent yaradır. Belə ki, bundan sonra güclü bir ölkə özündən zəif olana hücum edərək onu işğal etmək, prezidentini girov götürmək üçün Venesueladakı hadisəyə istinad edəcək. Ona görə də artıq dövlətlər özlərini müdafiə etmək üçün beynəlxalq hüquqa deyil, hərbi gücə müraciət etməyə məcbur qalacaqlar”.

Ağ Partiyanın sədri Tural Abbaslı: “Bu məsələ bir çox aspektdən analiz edilməlidir. Təbii ki, başqa bir ölkənin prezidentini və həyat yoldaşını gecə qaçırmaq, təhqiramiz formada əli-qolu bağlı şəkillərini yaymaq, onu Nyu-Yorkun küçələrində sərgiləmək vəhşilikdir və heç bir hüquqa, insan haqlarına uyğun olmayan hərəkətlərdir. Bəli, mən demirəm ki, Maduro mələk olub, xalq onu sevib və demokratik yolla seçilib. Amma hər demokratik yolla seçilməyən lideri ABŞ belə tutacaqsa, onda beynəlxalq hüququn başını buraxaq, ABŞ kimin necə yaşamasına diqtə etsin.

Bu beynəlxalq hüquqa zidd addımdır. BMT yaradılmışdı ki, belə hallar olanda sanksiyalar tətbiq edilsin, ümumi normalar qəbul edilsin. Yoxsa Tramp gəlib “o quldurdur, bu narkobarondur” deyəcəksə, BMT-nin nə əhəmiyyəti qalacaq? Sabah Tramp desə ki, Azərbaycandan xoşum gəlmir, onda nə edəcəyik?

Bu məsələyə münasibətim neqativdir. Maduro da düşünməlidir ki, hansı yanlış addımlarına görə xalq onun arxasında durmadı. İqtidarlar da xalqla aralarında uçurum yaratmamalıdır”.

Seçilən
55
1
modern.az

2Mənbələr