ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp ölkəsinin Venesuela ilə müharibə aparmadığını bəyan edib. Onun sözlərinə görə, ABŞ Venesuela dövləti ilə deyil, müəyyən şəxslərlə mübarizə aparır.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "NBC News"a verdiyi müsahibədə bildirib.
Ağ Ev rəhbəri bildirib ki, yaxın 30 gün ərzində Venesuelada seçkilərin keçirilməsi mümkün deyil. Onun fikrincə, ölkədə mövcud vəziyyət buna imkan vermir. “Əvvəlcə ölkədə vəziyyəti qaydaya salmalıyıq. Seçkiləri keçirmək mümkün deyil. Xalqın səs vermək üçün belə imkanı yoxdur”, – deyə Tramp qeyd edib.
Prezident əlavə edib ki, ABŞ Venesuelanı əvvəlcə normal vəziyyətə qaytarmalıdır. O, Amerika tərəfinin Venesuelanın enerji infrastrukturunun bərpasında neft şirkətlərinə maliyyə dəstəyi göstərə biləcəyini istisna etməyib. Trampın sözlərinə görə, bu proses 18 aydan az müddətdə həyata keçirilə bilər.
“Bu, çox böyük vəsait tələb edəcək. Neft şirkətləri həmin xərcləri qarşılayacaq, daha sonra isə bu məbləğ gəlirlər hesabına geri qaytarılacaq”, – deyə o vurğulayıb.
Donald Tramp ABŞ-ın Venesuela ilə müharibə vəziyyətində olmadığını bir daha diqqətə çatdırıb. “Xeyr, biz müharibə vəziyyətində deyilik. Biz narkotik satan insanlarla mübarizə aparırıq. Biz öz məhbuslarını, narkomanlarını və psixi xəstələrini ölkəmizə göndərən şəxslərlə mübarizə aparırıq”, – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, ABŞ-ın Venesuela ilə bağlı fəaliyyətinə dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Miller və vitse-prezident Ceyms Devid Vens nəzarət edəcəklər. “Onların bu sahədə kifayət qədər bilik və təcrübəsi var”, – deyə Tramp qeyd edib.
Müsahibə zamanı bütün proseslərə görə son məsuliyyətin kimdə olduğu soruşulduqda, Tramp suala bir sözlə cavab verib: “Mən.”
Xatırladaq ki, yanvarın 5-də Nyu-Yorkda Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı federal məhkəmə qarşısına çıxarılıb. ABŞ tərəfi onları narkotik ticarəti və digər ağır cinayətlərdə ittiham edir. Maduro məhkəmədə irəli sürülən ittihamları qəbul etməyib və özünü hərbi əsir hesab etdiyini bildirib. Onun sözlərinə görə, o, öz evindən oğurlanıb.
Maduronun vəkili, daha əvvəl “Wikileaks”in qurucusu Culian Assanjı müdafiə etmiş Barri Pollak müştərisinin bütün dörd maddə üzrə özünü təqsirli bilmədiyini vurğulayıb.
Bundan başqa, "The Washington Post" nəşri ABŞ rəsmilərinə istinadən yazıb ki, Venesuelanın faktiki rəhbərliyinin ABŞ dövlət katibi Marko Rubionun əlində cəmləşə biləcəyi ehtimal olunur. Qeyd olunur ki, kubalı köklərə malik olan və Kuba ilə Venesueladakı kommunist rejimlərinə sərt mövqeyi ilə tanınan Rubio, Maduronun hakimiyyətdən uzaqlaşdırılması üzrə ABŞ əməliyyatında mühüm rol oynayıb. Məlumata görə, yeni Venesuela hökumətinin formalaşdırılması və ölkənin neft aktivləri ilə bağlı məsələlər də məhz onun nəzarətində olacaq.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.