AZ

Antarktidada yaşaya bilən yeganə həşərat məlum olub

Ekstremal soyuq, güclü küləklər və qida qıtlığına baxmayaraq bu canlı qitədə mövcudluğunu qoruyur...

Poliqon xəbər verir ki, Antarktida Yer kürəsinin ən əlverişsiz bölgələrindən biri hesab olunur. Burada kəskin soyuq temperatur, güclü küləklər, çox aşağı rütubət və qida mənbələrinin azlığı hökm sürür. Üstəlik, Antarktida texniki baxımdan səhradır və qitənin böyük hissəsi dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşir ki, bu da canlıların yaşamasını daha da çətinləşdirir. Buna baxmayaraq, IFLScience yazır ki, sərt iqlim şəraitinə rəğmən Antarktida tamamilə cansız deyil.

Məlumata görə, Antarktida mühitində yaşaya bilən yeganə həşərat növü Antarktika ağcaqanadı – Belgica antarctica hesab olunur. Bu, uçmayan, ölçüsü qarışqadan böyük olmayan, uzunluğu təxminən 2–6 millimetr arasında dəyişən çox kiçik bir həşəratdır. Maraqlıdır ki, bütün bu kiçik ölçüsünə baxmayaraq, Antarktidada yaşayan ən iri quru heyvanı məhz bu ağcaqanaddır.

“Fokus” nəşrinin məlumatına əsasən, bu miniatür canlılar son dərəcə dözümlüdür və əsasən mamırlar və sərt şəraitdə inkişaf edə bilən bitkilərlə qidalanır. Antarktidada qida mənbələri olduqca məhduddur, lakin pinqvinlər və suitilər kimi heyvanların ifrazatları torpağı qida maddələri ilə zənginləşdirir. Bu maddələr hesabına bəzi bitkilər inkişaf edir, bitkilər məhv olduqdan sonra isə ağcaqanadlar onlar üçün qida mənbəyi əldə etmiş olur.

Alimlər bildirirlər ki, Antarktika ağcaqanadları təkcə qitənin ən iri quru canlıları deyil, həm də bu qədər sərt iqlim şəraitində yaşaya bilən nadir həşəratlardandır. Antarktidada qısa yay mövsümü, istiliyin və qidanın azlığı təkamül prosesində bu həşəratların qanadlarını itirməsinə səbəb olub. Qanadlar burada faydasız olduğundan, sürünərək hərəkət etmək onlara həm enerjiyə qənaət etməyə, həm də istilik itkisini azaltmağa imkan verir.

Əvvəlki elmi tədqiqatlar göstərib ki, əsrlər ərzində bu həşəratlar genetik səviyyədə dəyişikliklərə məruz qalıb və bu dəyişikliklər onlara ekstremal soyuğa daha yaxşı uyğunlaşmağa şərait yaradıb. Antarktika ağcaqanadları bir aya qədər oksigensiz yaşaya, ilin təxminən doqquz ayını isə tamamilə donmuş vəziyyətdə keçirə bilir. Alimlərin fikrincə, sürətli soyuq adaptasiyası və torpaq altında – daha isti mühitdə – keçirdikləri vaxt onların sağ qalmasında mühüm rol oynayır.

Araşdırmalar həmçinin göstərir ki, bu həşəratların həyat dövrü təxminən iki il davam edir və bu müddət ərzində onlar bir neçə dəfə inkişaf mərhələsindən keçir. Birinci qışa qədər sürfələr sürətlə ikinci inkişaf mərhələsinə çatır, daha sonra isə müvəqqəti sakitlik dövrünə girirlər. Temperatur yenidən yüksəldikdə növbəti inkişaf mərhələsi başlayır.

İkinci qışa çatdıqda ağcaqanadlar son inkişaf mərhələsinə daxil olur, lakin pupaya çevrilmirlər. Əvəzində genetik olaraq proqramlaşdırılmış inkişaf fasiləsinə düşürlər. Yay mövsümü qayıtdıqda isə artıq yetkin fərd kimi fəaliyyətə başlayırlar. Alimlər qeyd edirlər ki, cinsi yetkinliyə çatmaq bu həşəratlar üçün böyük enerji tələb edir və yetkin mərhələdə onların ömrü cəmi bir neçə gün davam edir. Başqa sözlə, Antarktika ağcaqanadının yetkin həyatı olduqca qısa olur.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr