Vaşinqton enerji infrastrukturunun bərpasını 1,5 ildən az müddətdə başa çatdırmağı planlaşdırır...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuelanın enerji infrastrukturunun bərpası məqsədilə bu ölkədə fəaliyyət göstərən neft şirkətlərinə subsidiya verilməsinin mümkün olduğunu açıqlayıb. Onun sözlərinə görə, layihənin icrası 1,5 ildən də az vaxt apara bilər.
Donald Tramp NBC News telekanalına müsahibəsində bildirib ki, proses sürətləndirilə bilər, lakin bu, böyük maliyyə xərcləri tələb edəcək: “Düşünürəm ki, biz bunu daha tez edə bilərik, amma bu, nəhəng xərclər deməkdir. Neft şirkətləri çox böyük məbləğdə vəsait xərcləməli olacaqlar, sonra isə biz onların xərclərini ya birbaşa ödəyəcəyik, ya da gəlirlər hesabına kompensasiya edəcəyik”, – deyə ABŞ prezidenti vurğulayıb.
Müsahibə zamanı Tramp qeyd edib ki, hazırda Venesuela ilə bağlı proseslərdə ABŞ-nin iştirakında əsas rolu şəxsən özü oynayır. Onun sözlərinə görə, Vaşinqtonun Karakasdakı vəziyyətə təsiri həlledici mərhələyə daxil olub.
Xatırladılır ki, yanvarın 4-də Donald Tramp ABŞ-nin faktiki olaraq Venesuelanı idarə etdiyini bəyan edib. Bu açıqlama Vaşinqtonun Venesuelanın enerji sektoru və ümumilikdə ölkənin iqtisadi gələcəyi ilə bağlı planlarının daha da fəallaşdığını göstərən növbəti siqnal kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, mümkün subsidiyalar həm ABŞ şirkətlərinin regiondakı mövqelərini gücləndirə, həm də Venesuelanın enerji potensialının qısa müddətdə bərpasına xidmət edə bilər.
Poliqon.info