Bu il "Dünyanın İdman Paytaxtı" seçilən Bakı uğurlarını davam etdirəcək
Yola saldığımız il Azərbaycanda idmanın inkişafı və beynəlxalq idman əməkdaşlığının genişlənməsi baxımından yadda qalan illərdən biri oldu. "Formula-1", Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları, dünya və Avropa çempionatları kimi nüfuzlu idman tədbirlərinə uğurla evsahibliyi etmiş ölkəmiz 2025-ci ildə də bir sıra mötəbər idman yarışları keçirdi. İl ərzində paytaxt Bakı və bölgələrdə keçirilən nüfuzlu idman yarışları ölkəmizin idman dövləti imicini bir daha təsdiqlədi, gənclərin idmana marağını artırdı və sağlam həyat tərzinin təşviqinə mühüm töhfələr verdi.
İlin ən mötəbər idman hadisələrindən biri sentyabrın 19-21-də təşkil edilmiş "Formula-1" Azərbaycan Qran-prisi oldu. Xatırladaq ki, ölkəmiz 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına evsahibliyi edir. Azərbaycanda təşkil olunan ilk "Formula-1" yarışı Avropa Qran-prisi adlandırıldı. Yalnız 2020-ci ildə Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən keçirilmədi.
Ölkəmizin paytaxtında 2025-ci ildə də təşkil edilən bu yarış dünya idman ictimaiyyətinin diqqətini yenidən Azərbaycana yönəltdi. Tarixi İçərişəhər divarları fonunda təşkil olunan yarış həm idman, həm də turizm baxımından ölkəmizə bir daha böyük maraq qazandırdı.
2025-ci ildə Bakı həm də döyüş idmanları üzrə mühüm beynəlxalq turnirlərə evsahibliyi etdi. Fevralın 14-16-da keçirilən "Böyük Dəbilqə" turniri dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə cüdoçunu Bakıda Milli Gimnastika Arenasında bir araya gətirdi. Bu yarışda Azərbaycan cüdoçularının uğurlu çıxışları yerli azarkeşlərin böyük coşqusuna səbəb oldu və milli komandanın beynəlxalq reytinqdə mövqeyini möhkəmləndirdi.
Beynəlxalq Cüdo Federasiyası (IÆF) Bakıda keçirilmiş "Böyük Dəbilqə" turnirinin təşkilatçılığını yüksək qiymətləndirdi. Bu barədə qurumun rəsmi saytında yerləşdirilmiş yazıda beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunduğu diqqətə çatdırıldı: "Son üç gün xüsusilə həyəcanlı keçib və Bakıda, Milli Gimnastika Arenasında toplaşan böyük tamaşaçı kütləsinə möhtəşəm beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunub. Azərbaycan Cüdo Federasiyası və onun bütün tərəfdaşları Dünya Cüdo Turu təqvimində bu vacib yarışın böyük uğurla keçirilməsinə görə fəxr edə bilərlər. Hər şey mükəmməl şəkildə təşkil edilib ki, bu da iştirak edən 36 ölkədən olan idmançılara ən yaxşı performanslarını göstərmək və dünya reytinqi üçün vacib xallar toplamaq imkanı verib. Olimpiya təsnifatları hələ uzaqda olsa da, reytinq cədvəlində yüksək mövqedə qərarlaşmaq gələcək çempionlar üçün uğurun təminatı ola bilər".
Komanda idman növləri üzrə də il uğurlu oldu. Bakıda keçirilən Mini-futbol üzrə Dünya Çempionatı (WMF World Cup 2025) Azərbaycan idman tarixində xüsusi yer tutdu. Mayın 21-də Bakıda yerləşən Milli Gimnastika Arenasında Mini-futbol üzrə V Dünya Çempionatı start götürdü. Turnir dünya mini-futbol federasiyaları tərəfindən təşkil edilmişdi. İyunun 1-dək davam edən çempionatın final matçında ev sahibi olan Azərbaycan Macarıstanı 4:2 hesabı ilə məğlub edərək çempion oldu. Bu mötəbər yarışda Azərbaycan yığmasının dünya çempionu olması ölkədə idmana marağı daha da artırdı və böyük ruh yüksəkliyi yaratdı.
Hər zaman olduğu kimi, ötən il də intellektual idman növləri diqqətdən kənarda qalmadı. Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Baku Open - 2025" Beynəlxalq Şahmat Turniri təşkil edib. Bu mötəbər turnir respublikamızın paytaxtında 27 aprel-6 may tarixlərində baş tutdu. "Baku Open - 2025" Beynəlxalq Şahmat Turniri dünyanın müxtəlif ölkələrinin istedadlı şahmatçılarnı paytaxtımıza topladı. Turnir Azərbaycan şahmat məktəbinin nüfuzunu bir daha nümayiş etdirdi və gənc şahmatçıların beynəlxalq təcrübə qazanmasına imkan yaratdı.
Kütləvi idman tədbirləri sırasında "Bakı Marafonu 2025" xüsusi vurğulanmalıdır. Yarış üçün 28 minədək iştirakçı qeydiyyatdan keçdi. Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonuna start verildi. "Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı Marafonunun start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında oldu. Artıq 8-ci dəfədir təşkil olunan Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar, ümumilikdə, 200-dən çox rəsmi və fəxri iştirakçı qatıldı. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digər ölkələrdən qoşulanlar oldu.
Minlərlə insanın qatıldığı marafon sağlam həyat tərzinin təbliği, ictimai həmrəyliyin gücləndirilməsi və idmanın kütləviləşdirilməsi baxımından mühüm sosial əhəmiyyət daşıyır. Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək idi.
Azərbaycanın ən qədim, zəngin mədəniyyətə malik şəhərlərindən biri olan Gəncə şəhəri 2025-ci ildə III MDB Oyunlarının "İdman Paytaxtı" seçilmişdi. Bu barədə qərar Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul olunmuşdu.
Gəncədə ötən il sentyabrın 28-də keçirilən möhtəşəm tədbirin - III MDB Oyunlarının təntənəli açılış mərasimini dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva izlədilər.
Azərbaycan Respublikasının üçrəngli bayrağı arenaya gətirilərək Dövlət himnimizin sədaları altında ucaldıldıqdan sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı keçirildi.
Mərasimdə çıxış edən III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov bildirdi: "Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə stadionunda açılışını etdiyimiz bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək".
III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verildiyini, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrildiyini, Azərbaycanın müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara evsahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etdiyini, Bakıda 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatlarının yüksək səviyyədə keçirildiyini vurğuladı.
Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Nikolayeviç Lebedevin mərasim iştirakçılarına ünvanladığı məktubda qeyd etdiyi kimi, xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.
Sentyabrın 28-dən Gəncə və daha altı şəhərimiz - Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına evsahibliyi etdi. On gün davam edən yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak etdilər. Oktyabrın 8-dək davam edən III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçirildi və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə apardılar. Həmçinin qalib komandaların uğuruna ən çox töhfə verən idmançılar xüsusi mükafatlarla təltif edildilər.
2024-cü ildə Azərbaycanın "İdman paytaxtı" olan Quba şəhəri 2025-ci ildə estafeti Qəbələ şəhərinə verdi. Ötən il bu qədim şəhər üçün daha bir əlamətdar hadisə ilə yadda qaldı. Qəbələ həm də 2025-ci ildə MDB-də (Müstəqil Dövlətlər Birliyi) "Gənclər Paytaxtı" oldu. Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilmişdi. Ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə - dövlət başçılarının iştirakı ilə keçirilən Zirvə toplantılarına, görüşlərə, sammit və forumlara, beynəlxalq idman yarışlarına layiqincə evsahibliyi edən şəhərlərindən biri olan Qəbələ bu missiyanın da öhdəsindən layiqincə gəldi.
"Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi yanvarın 16-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildi. Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başladı. Mərasimdə "Qəbələ - İdman Paytaxtı 2025"in maskotu "Marşal" ictimaiyyətə təqdim olundu.
Ötən il ərzində "İdman Paytaxtı" çərçivəsində Qəbələ şəhərində bir çox yarış və tədbir təşkil edildi. Bunlardan biri də 2025-ci il martın 5-də "Qəbələ - İdman Paytaxtı 2025" layihəsi çərçivəsində keçirilən Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təntənəli idman tədbiri oldu.
2025-ci ilin "İdman Paytaxtı" olan Qəbələ şəhəri oktyabrın 24-26-da bədii gimnastika üzrə "Grace of Nature" turnirinə evsahibliyi etdi. Turnir oktyabrın 24-26-da Qəbələ Olimpiya İdman Kompleksində keçirildi. Üç gün davam edən turnirin iştirakçıları arasında ölkənin müxtəlif klublarından müxtəlif yaş kateqoriyasında idmançılar yer aldılar. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olundu. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası iştirak etdi. Bölgələrdə bədii gimnastikanın inkişafına töhfə vermək, gənc istedadların bacarıqlarını üzə çıxarmaq və onların beynəlxalq arenaya hazırlanmasına şərait yaratmaq bu yarışın əsas məqsədi oldu.
Respublikamızda 2025-ci ildə təşkil olunan ən maraqlı tədbirlərdən biri də IV İdman Festivalı oldu. Festivala noyabrın 17-də Şəki şəhərində start verildi. Şəki Olimpiya İdman Kompleksində keçirilən tədbirdə 24 federasiyanı təmsil edən 104 idmançı iştirak etdi.
Noyabrın 21-22-də festival çərçivəsində badminton, cüdo, kamandan oxatma, qılıncoynatma, qış idman növləri, stolüstü tennis, triatlon, voleybol, basketbol, reqbi, gimnastika, avarçəkmə, atletika, boks, taekvondo, velosiped idmanı, həndbol, atıcılıq, tennis, üzgüçülük, ağırlıqqaldırma, alpinizm, futbol və güləş idman növlərinin nümayişi oldu. IV İdman Festivalına noyabrın 22-də yekun vuruldu.
Dekabrın 21-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Atletika Federasiyasının, Zəfər Qaçış Klubunun təşkilatçılığı və Referans Medical Groupun tibbi dəstəyi ilə Qəbələ şəhərində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Prezident kuboku" uğrunda marafon qaçışı keçirildi. "Qürurla irəli" şüarı altında 12 km məsafəyə təşkil olunan "Prezident kuboku" uğrunda keçirilən yarışın sonunda qaliblər mükafatlandırıldı.
İlin yekunları göstərdi ki, Azərbaycanda idman siyasəti uğurla inkişaf edir və bu istiqamətdə atılan addımlar öz real nəticələrini verir. Elə Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" elan olunması da bunun bariz nümunəsi oldu. Bu münasibətlə dekabrın 16-da dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə "Dünya İdman Paytaxtları" xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirildi. "Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verildi.
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) baş katibi Huqo Alonso Kastanon Bakı şəhərinin "Dünya İdman Paytaxtı" ("World Capital of Sports") elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında Bakının idman infrastrukturunu yüksək qiymətləndirdiklərini bildirdi.
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının baş katibi qeyd edib ki, əsas məqsəd Azərbaycanda idmanı daha da kütləviləşdirmək və hər kəs üçün əlçatan etməkdir: "Biz bilirik ki, ölkənizdə müxtəlif idman növləri üzrə böyük mötəbər tədbirlər keçirilir. Əminik ki, Bakı 2026-cı ilin "Dünya İdman Paytaxtı" kimi yaxşı nümunə olacaq".
Beləliklə, 2025-ci il Azərbaycanda idmanın inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından tarixə uğurlu il kimi düşdü. Ölkəmiz beynəlxalq yarışların təşkili və idmançılarımızın uğurları ilə həm regionda, həm də dünyada nüfuzunu artırdı, gənclərin idmana marağını yüksəltdi və sağlam həyat tərzinin təşviqinə töhfə verdi. 2026-cı ilin Bakı şəhərinin "Dünya İdman Paytaxtı" elan olunması isə göstərir ki, Azərbaycan idman sahəsində irəliləyişini davam etdirəcək və ölkəmizin idman uğurları gələcəkdə də beynəlxalq aləmdə təqdir olunacaq.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"