AZ

Si Tsinpin Cənubi Koreya prezidenti Li Çje Myonla Pekində görüşüb

Tərəflər qlobal siyasət, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib...

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin bazar ertəsi Pekində Cənubi Koreya prezidenti Li Çje Myonu qəbul edib. Danışıqlar zamanı tərəflər beynəlxalq siyasət və dünya iqtisadiyyatındakı prosesləri müzakirə edib, həmçinin bir sıra ikitərəfli əməkdaşlıq sazişləri imzalayıblar. Bu, son iki ay ərzində Si Cinpinlə Li Çje Myon arasında keçirilən ikinci rəsmi görüş olub.

“Sinxua” Agentliyinin məlumatına görə, Si Tsinpin görüş zamanı xatırladıb ki, 80 ildən artıq müddət əvvəl hər iki xalq Yapon militarizmi üzərində qələbə qazanıb. Çin lideri tərəfləri İkinci dünya müharibəsinin nəticələrini qorumaq, regionda sülh və sabitliyi təmin etmək üçün birgə səyləri gücləndirməyə çağırıb. Onun sözlərinə görə, Çin və Cənubi Koreya “tarixin doğru tərəfində dayanmalı və düzgün strateji seçim etməlidir”.

Reuters Agentliyinin yazdığına əsasən, Cənubi Koreya nümayəndə heyətinə 200-dən çox iri biznes təmsilçisi daxil olub. Onların sırasında Samsung Electronics şirkətinin idarə heyətinin sədri Cey Y. Li, SK Group-un rəhbəri Çey Te Von və Hyundai Motor Group-un icraçı sədri Yıysın Çunq yer alıb. Cənubi Koreyanın Ticarət Nazirliyi bildirib ki, iki ölkənin şirkətləri arasında doqquz əməkdaşlıq sazişi imzalanıb. Bu razılaşmalarda Alibaba International, Lenovo və Cənubi Koreyanın Shinsegae pərakəndə satış şəbəkəsi də iştirak edib.

Məlumata görə, dövlətlərarası səviyyədə isə ümumilikdə 15 saziş imzalanıb. Həmin sənədlər texnologiyalar, intellektual mülkiyyətin qorunması və nəqliyyat sahəsində əməkdaşlıq kimi istiqamətləri əhatə edir. Bu razılaşmaların Çin–Cənubi Koreya iqtisadi əlaqələrinin dərinləşməsinə töhfə verəcəyi vurğulanır.

Li Çje Myon görüş zamanı Çində Koreyanın müstəqillik hərəkatı ilə bağlı tarixi obyektlərin qorunub saxlanılmasına görə Pekinə təşəkkür edib. O, həmçinin bildirib ki, Cənubi Koreya Çin Xalq Respublikasının fundamental maraqlarına hörmətlə yanaşır və “vahid Çin prinsipi”nə ciddi şəkildə əməl edir. Analitiklərin fikrincə, bu bəyanatlar Seulun Pekinlə münasibətlərdə balanslı və praqmatik xətti davam etdirmək niyyətini göstərir.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr