ABŞ administrasiyası nümayəndəsi adanın ABŞ-nin tərkibində olmalı olduğunu iddia edir...
Poliqon xəbər verir ki, ABŞ prezident administrasiyası rəhbərinin müavini Stiven Miller Danimarkanın Qrenlandiya üzərində nəzarət hüququnun legitimliyini sual altına alıb. Onun sözlərinə görə, Arktika regionunun və NATO-nun maraqlarının qorunması baxımından Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır.
Stiven Miller CNN telekanalına müsahibəsində Danimarkanın ərazi iddialarını açıq şəkildə sorğulayıb: “Danimarka Qrenlandiya üzərində nəzarəti hansı hüquqla əldə edib? Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarkanın koloniyası olması nə ilə əsaslandırılır?”, – deyə o bildirib.
ABŞ rəsmisi ehtimal edib ki, belə bir ssenaridə hərbi gücdən istifadəyə ehtiyac qalmazdı. Onun fikrincə, ada ərazisində cəmi 30 min nəfərə yaxın əhali yaşayır və proses siyasi yollarla həll oluna bilər.
Xatırladılır ki, Qrenlandiya 1953-cü ilə qədər rəsmi şəkildə Danimarkanın koloniyası olub. 2009-cu ildə ada geniş muxtariyyət statusu əldə edib, daxili siyasət məsələlərində özünüidarəetmə və müstəqil qərarvermə imkanları qazanıb. Bununla belə, Qrenlandiya hələ də Danimarka Krallığının tərkib hissəsi olaraq qalır.
Analitiklər hesab edirlər ki, Vaşinqtondan səslənən bu cür açıqlamalar Arktika uğrunda geosiyasi rəqabətin gücləndiyini göstərir və yaxın perspektivdə ABŞ–Danimarka münasibətlərində əlavə gərginlik yarada bilər.
Poliqon.info