2025-ci il də ölkəmiz, xalqımız üçün bol uğurlarla yadda qaldı
Başdan-başa "Konstitusiya və Suverenlik İli"-nin yaşatdığı qürur hissi ilə keçirdiyimiz 2025-ci il ölkəmiz, xalqımız üçün bol uğurlarla yadda qaldı. Ərazi bütövlüyümüzün bərpasının, suverenliyimizin təmininin diktə etdiyi şərtlər əsasında 8 avqust tarixli Vaşinqton Zirvəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mətninin paraflanması ötən ilin ən əlamətdar günlərindən biri kimi tarixə yazıldı.
Bu, Azərbaycanın hərb cəbhəsində qazandığı Qarabağ zəfərinin beynəlxalq müstəvidə də qəbul edilməsinin dünyanın güc mərkəzi Ağ Evdən rəsmi bəyanı idi. Zəfərimizin 5-ci ildönümünü qeyd etdiyimiz 2025-ci il həm də hərtərəfli inkişaf edən respublikamızın xarici siyasətdə mövqelərini daha da möhkəmləndirdiyi, iqtisadi potensialını daha da şaxələndirdiyi təqvim ili kimi diqqət çəkdi. Həmçinin yola saldığımız il Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, o ərazilərə mütəmadi qayıdışın həyata keçirilməsi ilə yadda qaldı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Prezident İlham Əliyev də bildirdi ki, 2025-ci il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur: "Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır".
Ölkəmizin lideri onu da xüsusi vurğuladı ki, xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir.
Tam və əbədi qələbə
Uzaqgörən siyasəti, yürütdüyü inkişaf strategiyası sayəsində Azərbaycanı regionun lider dövləti edən Prezident İlham Əliyev respublikamızı sözün əsl mənasında təhlükəsizlik adası kimi unikal ünvana çevirib. Dünyanın qarmaqarışıqlıq yaşadığı bir zamanda Cənubi Qafqazda sülh, inkişaf və əməkdaşlıq üçün formalaşdırılan mühüm tarixi şərait də məhz dövlətimizin başçısı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarlar və ortaya qoyduğu prinsipial mövqe sayəsində mümkün olub.
2025-ci ili xalqımız üçün əlamətdar edən məqamlardan biri də şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxr hissi ilə qeyd etməyimiz oldu. Beş il əvvəl 44 günlük müharibədə tarix yazaraq tam və əbədi qələbə qazanmağın gətirdiyi qüruru noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda bir daha yaşadıq. Hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bu barədə danışan Prezident İlham Əliyev söylədi ki, son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır: "Yeni silahlar və texnika ilə təchiz edilmiş ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir.
Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda xaricdən aldığımız silah və texnikanı ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir".
Bölgədə de-fakto sülh şəraiti mövcuddur
BMT TŞ-nin 30 ilə yaxın zaman ərzində kağız üzərində qalan qətnamələrini öz gücünə yerinə yetirərək ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan ötən beş il ərzində iki ölkə arasında normallaşma əldə olunması istiqamətində nümayiş etdirdiyi sülh səyləri ilə də beynəlxalq səviyyədə diqqət çəkir.
Bakı postmünaqişə dövründə bölgədə inkişafın və əməkdaşlığın mövcud olması üçün daim sülhü təşviq edir, bu istiqamətdə əməli işlər həyata keçirir. Elə bunun sayəsində keçən il 8 avqustda keçirilən Vaşinqton görüşündə bölgədə davamlı normallaşma, uzunmüddətli inkişaf üçün yeni imkanlar yarandı.
Həmin vaxt Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzalayıblar. Həmçinin Ağ Ev rəhbərinin iştirakı ilə sülh sazişinin mətni paraflanıb, vacib razılaşmalar əldə edilib.
ABŞ-də əldə olunan razılaşmalardan biri Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi üçün Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsi ilə bağlıdır ki, bu layihə beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verəcək.
"Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq", - deyə müraciətində dövlətimizin rəhbəri bu məqamı xüsusi vurğuladı.
Prezident onu da qeyd etdi ki, biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik: "Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır".
Bütün vəzifələr uğurla icra edilib
Azərbaycanın beynəlxalq platformalarda qazandığı nüfuzu, ölkələrlə çoxşaxəli əməkdaşlıq əlaqələri gündən-günə artır. Mühüm enerji və nəqliyyat qovşağına çevrilən ölkəmiz bu gün əməkdaşlıq üçün ən uyğun və etibarlı tərəfdaş kimi diqqət mərkəzindədir. Sözügedən müraciətində dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu nəticələrinə toxunan Prezident İlham Əliyev dedi ki, bu gün bütün ölkə üzrə geniş quruculuq işləri aparılır, hər bir bölgədə inkişaf müşahidə olunur: "Biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır".
Dövlətimizin rəhbərinin milli çağırış kimi xarakterizə etdiyi "Böyük qayıdış" proqramı da uğurla icra edilir və ötən il də bu istiqamətdə xeyli iş görülüb. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük quruculuq işləri sayəsində artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır.
Ölkəmizin qazandığı nailiyyətlərlə bağlı yuxarıda gətirdiyimiz nümunələr yola saldığımız ildə də dövlətimizin qarşısına qoyduğu vəzifələri uğurla icra etməsindən xəbər verir.
Yürüdülən uzaqgörən siyasət, atılan lazımi addımlar, qoyulan düzgün təməllər isə "Şəhərsalma və Memarlıq İli" elan edilən 2026-cı ilin də Azərbaycan üçün uğurlu olacağını deməyə əsas verir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"