“Bir sıra ikitərəfli əməkdaşlıq protokolu imzalanıb. 2025-ci il rəhbərlik etdiyim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) üçün beynəlxalq əməkdaşlıq baxımından son dərəcə uğurlu və məhsuldar bir il oldu”.
Bunu CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri QHT.az-a bildirib. O, qeyd edib ki, ötən il ərzində CASCFEN Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən bir sıra nüfuzlu qurumlarla mədəni, ədəbi və ictimai sahələri əhatə edən əməkdaşlıqlara dair protokollar imzalayıb:
“Bu əməkdaşlıqlar təşkilatımızın beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Eyni zamanda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsinin qalibi olaraq, Türkiyə və ŞKTC-də “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində “Bizim ailəmiz Türk dünyasıdır” adlı beynəlxalq konfrans və dəyirmi masa təşkil etdik. Məlumat üçün bildirim ki, ŞKTC-də keçirilən konfrans həmin ölkənin Prezident Sarayında baş tutdu, tədbirin əsas məruzəçisi isə ŞKTC-nin 5-ci Prezidenti Ersin Tatar oldu. Bununla yanaşı, ŞKTC-nin Milli Təhsil Naziri Nazim Çavuşoğlu da konfransda çıxış etdi. Konfransda, həmçinin Türkiyədən və Şimali Kiprdən olan tanınmış ictimai-siyasi xadimlər, media nümayəndələri, eləcə də Azərbaycandan dəvət olunmuş qonaqlar çıxış etdi, fikir və mövqelərini bölüşdülər. Qeyd olunan tədbir Azərbaycan, Türkiyə və ŞKTC-də ümumilikdə 250-yə yaxın media orqanında geniş şəkildə işıqlandırıldı. Layihənin ikinci mərhələsi olaraq Türkiyənin Manisa şəhərində keçirilən dəyirmi masada isə Manisa, İzmir və Türkiyənin digər bölgələrindən olan 16 təşkilatı təmsil edən 43 nümayəndə iştirak etdi, geniş müzakirələr və çıxışlar oldu. Sözügedən konfrans və dəyirmi masa çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirildi, əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıldı. Məsələn, ŞKTC-də və ümumilikdə Türk dünyasında tanınan Çağdaş Musiqi Dərnəyi ilə bağlı əməkdaşlıq protokolunun imzalanmasına dair ilkin danışıqlar aparıldı, Manisada isə Manisa Jurnalist və Yazıçılar Cəmiyyəti ilə CASCFEN arasında əməkdaşlıq protokolu imzalandı”.
Nadir Azəri deyib ki, layihə çərçivəsində yekun konfrans Bakı şəhərində keçirilib:
“Bakı konfransında isə bir sıra türk dövlətlərinin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, o cümlədən Türkiyə və ŞKTC-dən qonaqlar iştirak etdi. Bu konfrans çərçivəsində isə İzmir Azərbaycan Dərnəyi ilə CASCFEN arasında əməkdaşlıq protokolu imzalandı. Onu da qeyd edim ki, ŞKTC-də və Türkiyədə keçirilən tədbirlər çərçivəsində çoxsaylı görüşlərimiz də oldu, həmçinin televiziya verilişlərinin qonağı olduq”.
CASCFEN sədrinin sözlərinə görə, 2025-ci il ərzində beynəlxalq əməkdaşlıq baxımından başqa mühüm addımlar da atılıb:
“Bu sırada deyə bilərəm ki, CASCFEN-in Qırğızıstan üzrə təmsilçiliyinin yaranmasına dair ilkin razılıq əldə edilib. 2026-cı ildə isə müvafiq rəsmiləşdirmə olacaq. Həmçinin, ilin son günü, dekabrın 31-də sədrin imzası ilə CASCFEN nəzdində Güney Azərbaycanla Əlqalər Departamenti yaradılıb”.