"Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turistlərin sayını iki dəfə artırmaq, onu 5–6 milyona çatdırmaq tamamilə real görünür".
Marja xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident, "Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın inşası da var", deyərək sözlərinə belə davam edib:
"Ötən ilin rəqəmlərini hələ almamışam, amma düşünürəm ki, sərnişinlərin sayı 7 milyonu ötəcək. Bizə 15 milyonluq, ola bilsin 20 milyonluq sərnişin tutumuna malik terminal lazım olacaq.
Bir sözlə, biz burada artıq yeni terminalın yeni konsepsiyası üzərində işləyirik. Bütün bunlar və öncədən qeyd etdiyim kimi, müharibənin bitməsi amili tamamilə yeni vəziyyət yaradır".