Nyu-York məhkəməsi onların konsulluq ziyarəti ilə bağlı hüququnu tanıyıb...
Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores Nyu-Yorkda keçirilən ilk məhkəmə iclası zamanı konsulluq ziyarəti hüququndan istifadə etmək istədiklərini bildiriblər.
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, məhkəməyə sədrlik edən hakim Maduronun və Floresin Venesuela konsulu ilə görüşməsinə icazə verib. Onlar öz çıxışlarında bu görüşün baş tutmasını istədiklərini açıq şəkildə ifadə ediblər. Konsulluq ziyarəti beynəlxalq hüquqa uyğun olaraq xarici vətəndaşların saxlanıldığı və ya mühakimə olunduğu ölkədə diplomatik nümayəndəliklə əlaqə qurmaq hüququnu nəzərdə tutur.
Qeyd edək ki, dekabrın 5-də Nyu-Yorkun federal məhkəməsində Nikolas Maduro ilə bağlı iş üzrə ilk dinləmə keçirilib. ABŞ-ın baş prokuroru Pəm Bondi Maduro və onun həyat yoldaşına qarşı narkoterrorizm, qanunsuz silah saxlanması və narkotik maddələrin qaçaqmalçılığı ittihamları irəli sürüb. Məhkəmə Maduronun növbəti dəfə martın 17-də yenidən məhkəmə qarşısına çıxmasını qərara alıb.
Bu proses Venesuela ətrafında beynəlxalq gərginliyin artdığı bir dövrdə baş verir və işin gedişinin ABŞ–Venesuela münasibətlərinə, eləcə də regiondakı siyasi vəziyyətə təsir göstərə biləcəyi istisna edilmir.
Poliqon.info