AZ

Rəsmi qurumlar iş işdən keçəndən sonra işə əl atır Qurbandan sonrakı mexanizm

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illər mediada tikinti şirkətlərinin qanunsuz şəkildə ağacları kəsməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Demək olar ki, bu tip hadisələr artıq cəmiyyət üçün təəccüblü deyil. Adətən ssenari eyni olur. Əvvəlcə ağaclar məhv edilir, sosial şəbəkələrdə görüntülər yayılır, ictimai narazılıq yaranır və yalnız bundan sonra rəsmi qurumlar hərəkətə keçir. “Avant” tikinti şirkətinin Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində ağacları məhv etməsi də bu silsilənin son nümunələrindən biridir. Hadisə ictimailəşdikdən sonra qurumların müdaxiləsi baş verdi. Ondan əvvəl isə Nizami rayonunda oxşar hadisə yaşanmış, ağaclar kəsilmiş, daha sonra məsələ gündəmə gəlmiş və nəticədə ərazidə park salınmışdı.

Bu faktlar bir sualı qaçılmaz edir: əgər cəza varsa, əgər dövlət qurumları müdaxilə edirsə, niyə bəzi şirkətlər yenə də eyni addımı atmağa cəhd göstərir? Cavab sadə, amma narahatedicidir. Çünki bir çox hallarda ağacı kəsmək hələ də riskli biznes addımı sayılmır. Bəzi işbazlar hesab edir ki, məsələ ya ümumiyyətlə diqqətdən kənarda qalacaq, ya da qalmaqal yaransa belə, verilən cərimə tikintidən əldə ediləcək gəlirin yanında əhəmiyyətsiz olacaq.

Ən ciddi problem ondadır ki, mexanizm əsasən reaktiv işləyir. Yəni hadisə baş verdikdən, ağaclar məhv edildikdən sonra müdaxilə edilir. Halbuki təbiət üçün “sonradan cəzalandırma” anlayışı yoxdur. On illərlə böyüyən ağac bir neçə saatın içində məhv edilir və bunu nə cərimə, nə də sonradan salınan park tam kompensasiya edə bilir. Yeni əkilən ağacla kəsilən ağac arasında həm ekoloji, həm də zaman baxımından böyük fərq var.

Burada ictimailəşmənin rolu danılmazdır. Sosial şəbəkələr və media olmasaydı, bir çox belə faktlar ümumiyyətlə üzə çıxmazdı. Amma normal sistemdə təbiətin qorunması üçün mütləq qalmaqal lazım olmamalıdır. Dövlət nəzarəti ictimai qəzəbdən sonra yox, ondan əvvəl işləməlidir. Əks halda, cəmiyyət faktiki olaraq nəzarət orqanının rolunu üzərinə götürmüş olur.

Cərimələrin artırılması mütləq lazımdır, amma təkbaşına yetərli deyil. Əgər cərimə məbləği şirkət üçün “iş xərci”nə çevrilirsə, onun preventiv təsiri sıfıra enir. Daha effektiv mexanizmlər lazımdır: tikinti icazələrinin dərhal ləğvi, şirkətin fəaliyyətinin müvəqqəti dayandırılması, məsul şəxslərin inzibati deyil, real hüquqi məsuliyyətə cəlb edilməsi. Bundan əlavə, ağacların kəsilməsinə nəzarət edən qurumların fəaliyyəti şəffaf və davamlı olmalıdır, yoxlama yalnız şikayətdən sonra yox, planlı şəkildə aparılmalıdır.

Nəticə etibarilə problem nə təkcə işbaz şirkətlərdir, nə də yalnız zəif cərimələr. Problem sistemin ağacı kəsəndən sonra “gecikmiş ədalət”lə işləməsidir. Təbiətin qorunması üçün əsas sual belə olmalıdır: niyə məsələ mütləq ictimailəşməlidir ki, tədbir görülsün? Cavab tapılmadıqca, hər yeni park salınsa belə, itirilən yaşıllıqların sayı artmaqda davam edəcək.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
bizimyol.info

1Mənbələr