Son günlər bir çox vətəndaşda yüksək hərarət, kəskin baş ağrısı və quru öskürəklə müşayiət olunan xəstəlik halları müşahidə olunur və xəstələr əsasən sistemlə müalicə olunaraq sağalırlar. Bəziləri bunun yeni bir virus olduğunu iddia edir, bəziləri isə koronavirusun yenidən yayıldığını düşünür. Bəs əslində vəziyyət necədir? Koronavirus geri qayıdıb? Tibb eksperti, professor Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə bir tərəfdən SARS-CoV-2 virusunun Omikron ştamı və onun mutasiya variantları, digər tərəfdən isə influenza qripinin A forması və respirator sinsitial virus mövcuddur. Həkimin sözlərinə görə, epidemioloji vəziyyət xeyli mürəkkəbdir. Koronavirusdan real yoluxma halları var və təəssüf ki, ölüm faktları da qeydə alınır: “Buna görə də hesab edirəm ki, insanlar daha diqqətli olmalıdırlar. Pandemiya dövründə gördük ki, rejimə əməl edən, karantin qaydalarını gözləyən şəxslər ya ümumiyyətlə xəstələnmədilər, ya da xəstəliyi yüngül keçirdilər. Amma bu məsələyə laqeyd yanaşanlar yoluxdular və bəziləri ciddi problemlərlə üzləşdi. Nəzərə almalıyıq ki, getdikcə yayılan infeksiyaların, xüsusilə respirator infeksiyaların həm xüsusi çəkisi, həm sayı, həm də diapazonu genişlənir. Hər il vəziyyət daha da ciddiləşir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, qarşıdakı illərdə bizi qrip pandemiyası da gözləyə bilər. Bütün bunları nəzərə alaraq, maksimum dərəcədə özümüzü qorumalıyıq”.
A.Qeybulla qeyd edib ki, indiki şəraitdə virus geniş arealda yayılır və xəstəlik daha ağır keçir: “Xeyli sayda pnevmoniya və ağırlaşma halları, xüsusilə uşaqlar arasında müşahidə olunur. Ona görə də əsas hədəfimiz karantin qaydalarına əməl etmək, həm özümüzün xəstələnməməsi, həm də başqalarını yoluxdurmamaq olmalıdır”. Sevinc İbrahimzadə / Metbuat.az