“ABŞ tərəfindən Venesuelaya qarşı atılan addım beynəlxalq hüququn tam iflası deməkdir və bu, əslində, hazırki geosiyasi şərtlər fonunda təəccüblü deyil”.Bunu Metbuat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu hazırda Venesuelada baş verən gərginlikdən danışarkən deyib. O qeyd edib ki, dünya əhalisi olaraq, hazırda ikinci dünya müharibəsindən sonra qurulan dünya nizamının tam çöküş prosesini izləyirik: "Yəni indiyə qədər dövlətlərarası münasibətləri, başda BMT olmaqla, qlobal maliyyə sisteminin törəmə quruluşları olan beynəlxalq təşkilatlar tənzimləyirdi. Amma petrodollar sisteminin təbii çöküş prosesi geosiyasi dağıntılara yol açdı. Beynəlxalq təşkilatlar dövlətlərarası münasibətlərin tənzimlənməsində ona görəhəlledici təsirə malik idi ki, bunun qarantı olan ABŞ qlobal maliyyə sistemində önəmli güc olan FED-in arxasındakı banklar, yəni beynəlxalq təşkilatları formalaşdıran güclər tərəfindən idarə olunurdu. Yəni ABŞ hökumətləri bir qayda olaraq, bu banklar tərəfindən formalaşdırılırdı və bununla da ABŞ silahlı güc kimi digər dövlətlərə qarşı istifadə edilirdi. Heç bir ABŞ prezidenti də təbii olaraq, bu bankların maraqlarına qarşı çıxa bilməzdi. Kennedi nümunəsini misal çəkmək olar. Amma Tramp və təmsil etdiyi güc hesab edir ki, dünyanı milli dövlətlər idarə etməlidir. Təbii ki, burada ədalətli sistemdən söhbət getmir, yəni güclü dövlətlərin maraqları prioritet olmalı, dünya nizamını qlobal maliyyə təsisatları deyil, dövlətlər müəyyənləşdirməlidır. Bununla da ABŞ vasitəsilə beynəlxalq təşkilatların təsiredici mexanizm kimi fəaliyyət dönəmi arxada qalıb. Artıq qlobal imperializmin maraqlarını güclü dövlətlərin imperial maraqları əvəz edir. Bu baxımdan bir dövlətin digər dövlətə qarşı təcavüz aktı, yaxud hansısa terror qurplarından istifadə etməsi, ümumiyyətlə, istənilən formada qanunsuz addımlar atması gözlənilməz hadisə deyil və bu illər ərzində daha geniş vüsət alacaq”.Ə.Zülfüqaroğlu vurğulayıb ki, Maduronun ABŞ tərəfindən oğurlanması ilə, əslində, bütöv bir xalq təhqir olunub: “Amma ABŞ-nin bu addımı hər şeyin bir anda Vaşinqtonun lehinə dəyişəcəyi anlamına gəlmir. Burada aydınlaşması zəruri olan faktorlar var. Məsələn, Venesuela hökuməti içərisində strateji post tutan və ciddi təsir imkanlarına malik olan şəxslər ABŞ-yə dəstək veribmi? Bunlardan biri hazırda prezident vəzifələrini icra edən şəxsdir. Xalqın ikiyə bölünmə ehtimalı varmı? Yəni bundan sonrakı proseslərdə Venesuela xalqının tutaq ki yarısı bununla barışmaya bilərmi? Əks həmlə olaraq, vətəndaş müharibəsi ehtimalı varmı və ya uzunmüddətli xaosa rəvac veriləcəkmi? Bütün bu detallar Venesuelanın bundan sonrakı aqibətini müəyyən edəcək. Yəni Venesuelada maraqları olan dövlətlər situasiyanı tərsinə çevirməyə cəhd edə bilərlər. Təbii ki, BTM Təhlükəsizlik Şurasının daimi üzvləri arasında öncədən razılaşma yoxdursa. Digər tərəfdən Vaşinqton buna həm də ona görə cəsarət etdi ki, ümumiyyətlə, Cənubi Amerika xalqlarının düşüncəsini ideoloji dəyərlər formalaşdırmır. Xalq Madurodan narazı ola bilər, amma Venesuelaya qarşı bu addım ilk növbədə bütövlükdə xalqın təhqir olunmasıdır və bir toplum üçün xoş mənzərə deyil”.Sevinc İbrahimzadə / Metbuat.az