AZ

Tramp–Zelenski görüşü bu halda nəticə verə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın sonlarında ABŞ Prezidenti Donald Trampla sülh planı ətrafında yeni görüş keçiriləcəyini açıqlayıb. Bu görüş Rusiya–Ukrayna müharibəsinin taleyi baxımından mühüm hesab olunur. Bəs gözlənilən görüşdə müharibənin yekunlaşması ilə bağlı konkret qərar qəbul oluna bilər? Belə bir qərarın verilməsi hansı şərtlər daxilində mümkün ola bilər? Siyasi şərhçi Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu ayın sonunda keçiriləcək Trump–Zelenski görüşündə real irəliləyiş yalnız bir halda - Zelenski ABŞ Prezidentinin irəli sürdüyü şərtləri qəbul edərsə, mümkün ola bilər. Ekspert qeyd edib ki, söhbət ilk növbədə ərazi mübadiləsindən gedir: “Belə ki, Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətindən çıxarılması qarşılığında Moskvanın işğal etdiyi dörd vilayətin müəyyən hissələrinin geri qaytarılması təklif olunur. Zelenski bu məsələyə münasibət bildirərək dəfələrlə qeyd edib ki, istər ərazi mübadiləsi, istərsə də hər hansı ərazinin verilməsi yalnız referendum yolu ilə, yaxud parlamentin qərarı əsasında mümkün ola bilər. Referendum isə uzunmüddətli prosesdir və nəticə əldə olunması ehtimalı kifayət qədər aşağıdır”. A.Səmədovun sözlərinə görə, danışıqlarda mübahisə doğuran digər məqamlar da mövcuddur, lakin onları müəyyən mexanizmlər vasitəsilə həll etmək olar: “Ərazi məsələsi isə hələlik çıxılmaz vəziyyətdə qalır. Zelenskinin irəli sürdüyü variantlar daha çox prosesi uzatmağa hesablanmış addımlar kimi qiymətləndirilir. Bu şəraitdə danışıqlarda ciddi uğur gözləmək çətin görünür. Digər tərəfdən, ABŞ-nin Zelenskinin korrupsiya ittihamları ilə bağlı məlumatlı olduğu da sirr deyil və bu istiqamətdə Kiyevə müəyyən təzyiqlərin göstərildiyi bildirilir. Ehtimal olunur ki, bu amil Zelenskinin mövqeyinə təsir göstərə və ərazi məsələsi ilə bağlı qərarın parlamentdə qəbul edilməsinə cəhd edilə bilər”. Siyasi şərhçi qeyd edib ki, Ukrayna parlamentində Zelenskinin tərəfdarları çoxluq təşkil edir: “Qərarın cəmiyyətə daha qəbulolunan formada təqdim edilməsi üçün hətta Donald Trumpın Kiyevə gələrək parlamentdə çıxış etməsi ehtimalı da istisna edilmir. Zelenskinin belə bir təşəbbüs irəli sürdüyü də bildirilir. Yalnız bu ssenari reallaşarsa, yanvarın sonunda keçiriləcək Trump–Zelenski görüşünün nəticə verməsi mümkün ola bilər. Əks halda prosesin uzanacağı gözlənilir ki, bu da Rusiyanın maraqlarına uyğundur. Çünki Rusiya, ağır da olsa, Ukrayna ərazilərini işğal etməkdə davam edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
57
metbuat.az

1Mənbələr