Yanvarın 1-dən “Aİ-92” markalı benzinin 1 litri 5 qəpik, dizelin 1 litri isə 10 qəpik bahalaşıb. Bəs bu halda ictimai nəqliyyatda da gediş haqqının artırılması ehtimalı var? İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, ictimai nəqliyyatda gediş haqqına təsir edən amillərdən yalnız biri dizel yanacağıdır: “Artıq ölkədə elektriklə işləyən avtobuslar fəaliyyət göstərir, metrodə isə ümumiyyətlə dizel yanacağından istifadə olunmur. Bu baxımdan, nəqliyyatda gediş haqqının artırılması ehtimalını təkcə dizel yanacağı ilə əlaqələndirmək düzgün deyil. Ancaq Azərbaycanda pis bir “ənənə” formalaşıb, hər dəfə nəqliyyat sahəsinin nümayəndələri, metropoliten rəhbərliyi və bu sahəyə cavabdeh şəxslər sərnişindaşımanın maya dəyərinin yüksək olduğunu, qurumların ziyanla işlədiyini bildirirlər. Məhz bu “ziyanla işləyir” arqumenti qiymət artımına əsas kimi təqdim olunur”. N.Cəfərli cari il ərzində nəqliyyatla yanaşı, kommunal xidmətlərdə də qiymət artımının şahidi ola biləcəyimizi istisna etməyib. Sevinc İbrahimzadə / Metbuat.az