AZ

BMT baş katibi: Tramp beynəlxalq hüququn normalarını pozub...

ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat təhlükəli presedent yaradır...

Poliqon xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş son aylarda ABŞ ilə Venesuela arasında artan qarşıdurmadan dərin narahatlıq keçirdiyini bildirib. Onun sözlərinə görə, şənbə günü səhər saatlarında ABŞ xüsusi təyinatlılarının Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsi ilə nəticələnən hadisələr region üçün ciddi və təhlükəli nəticələr doğura bilər.

BMT nümayəndəsinin rəsmi açıqlamasında deyilir ki, Venesuelada vəziyyətin son eskalasiyası, kulminasiya nöqtəsi kimi ABŞ-ın bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatla yekunlaşıb və bu, region üçün potensial olaraq son dərəcə narahatedici nəticələrə yol aça bilər. Açıqlamada vurğulanır ki, Venesueladakı daxili vəziyyətdən asılı olmayaraq, baş verənlər təhlükəli presedent yaradır və beynəlxalq münasibətlər sisteminə ciddi zərbə vurur.

Antonio Quterreş beynəlxalq hüququn bütün tərəflər tərəfindən tam şəkildə qorunmasının vacibliyini dəfələrlə vurğuladığını xatırladıb. O, mövcud vəziyyətdə beynəlxalq hüququn normalarına əməl edilməməsindən dərin narahatlıq keçirdiyini bildirib. BMT baş katibi hesab edir ki, güc tətbiqi yolu ilə problemlərin həlli beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və qlobal sabitliyi daha da zəiflədə bilər.

Quterreş bütün maraqlı tərəfləri insan hüquqları və beynəlxalq hüquq çərçivəsində inklüziv dialoqa qoşulmağa çağırıb. Onun fikrincə, yalnız dialoq və siyasi həll mexanizmləri vasitəsilə Venesuelada yaranmış böhranın dinc yolla aradan qaldırılması mümkündür.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr