“Əslində, Amerika Birləşmiş Ştatları hərbi əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduronu zorakılıqla ələ keçirməklə olduqca riskli addım atıb. Bu addım açıq şəkildə beynəlxalq hüquq normalarının pozulması, müstəqil bir dövlətin daxili işlərinə kobud müdaxilə xarakteri daşıyır. Maduronun hakimiyyətdən kənarlaşdırılması yalnız o halda beynəlxalq hüquqa uyğun sayıla bilərdi ki, ABŞ bu addımı atmazdan əvvəl BMT Təhlükəsizlik Şurasından xüsusi qətnamə ilə razılıq alsın. Lakin Vaşinqton bu istiqamətdə hər hansı hüquqi mexanizmə müraciət etmədən beynəlxalq hüquq sisteminin əsaslarını sarsıdan addım atıb. Nəticədə hazırda həm BMT çərçivəsində, həm də qlobal miqyasda ciddi narahatlıq müşahidə olunur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının ABŞ-ın Venesuelaya müdaxiləsi və prezident Nikolas Maduronun devrilməsi ilə bağlı təcili iclas keçirməyə hazırlaşması beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. Bir sıra ölkələr Vaşinqtonun addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Bu kontekstdə Təhlükəsizlik Şurasında ABŞ-ın əleyhinə qətnamənin qəbul olunub-olunmayacağı sual doğurur.
Siyasi şərhçi bildirib ki, məhz bu səbəbdən mövcud qlobal düzənin və beynəlxalq hüquq normalarının qorunması məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclas keçirməsi və ABŞ-nin Venesuela ilə bağlı addımlarına reaksiya verməsi gündəmə gəlib.