Venesuela–ABŞ münasibətləri son illərin ən ciddi böhran mərhələsinə daxil olub. Əməliyyatın başladığı gün Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının qaçırılması ilə alovlanan proses qısa müddətdə beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Ardınca Maduronun ABŞ-ın nəzarətində məhkəməyə çıxarılması və ABŞ prezidenti Donald Trampın Venesuela hakimiyyətinə qarşı sərt, bəzən ultimativ xarakterli açıqlamaları Vaşinqton–Karakas xəttində gərginliyi daha da artırıb.
Yaşananların fonunda ABŞ mediası və siyasi dairələri Venesuelanın mümkün yeni rəhbərliyi ilə bağlı ssenariləri də gündəmə gətirib. Məlumatlara görə, Vaşinqton Nikolas Maduronun yerinə daha “məqbul” hesab etdiyi alternativlər üzərində dayanır və vitse-prezident Delsi Rodrigezin müvəqqəti prezident postu üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirildiyi bildirilir. Xüsusilə ölkənin zəngin enerji ehtiyatları və gələcək Amerika investisiyalarının taleyi bu seçimdə həlledici amil kimi qiymətləndirilir.
Maraqlıdır görəsən, Trampın növbəti hədəfləri hansı ölkələr və liderlər ola bilər? Maduro ilə bağlı bundan sonra hansı addımlar atıla bilər?
“Trampın açıqlamaları kontekstində vəziyyəti dəyərləndirsək, onun bundan sonrakı hədəflərinin Kolumbiya və Kubanın olduğunu söyləmək olar. Amma burada hədəf anlayışı yalnız hərbi əməliyyatlar anlamına gəlmir”.
Bunu Turkustan.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Politoloq diqqətə çatdırıb ki, burada Venesuelaya hücumla bağlı açıq qalan bir sıra suallar var, hansı ki, məsələnin mahiyyətinin aydınlanmnası üçün vacibdir.

Əli Zülfüqaroğlu
Maduronun oğurlanaraq ABŞ-yə aparılması son zamanlar zəifləyən nüfuzunun artması baxımından Tramp üçün zəruri idi. Tramp bu addımı ilə güclü prezident və güclü Amerika imicini qoruya bildi. Eyni zamanda ABŞ-nin təzyiqlərinə boyun əyməyən digər liderlərə mesaj verdi. Amma, bu o demək deyil ki, ABŞ yaxın zamanlarda digər ölkələrə qarşı da əməliyyatlar keçirəcək. Kiçik bir uğursuzluq hər şeyi əksinə çevirə və Tramp üçün aralıq seçkilərə qədər arzuolunmaz mənzərə yarada bilər. Ona görə də hesab edirəm ki, Tramp hökuməti Maduro əməliyyatından sonra daha çox diplomatiyaya üstünlük verəcək.
Xüsusilə İranla bağlı ABŞ-nin tez bir zamanda hərbi əməliyyatlara başlama ehtimalı azdır. Çünki ABŞ-nin yumşaq güc siyasətinin iflasa uğramasından ən çox əziyyət çəkən Tramp hökumətidir. Bu səbəbdən də Maduro mesajından sonra Tramp ən azı aralıq seçkilərinə qədər daha ehtyatlı davrana bilər. Təbii ki, Venesuelada işlər ABŞ-nin istədiyi kimi gedərsə.
Aytən Yaşar/ Turkustan.az