AZ

Uitkoff və Trampın kürəkəni Parisdə Aİ liderlərinin sammitində iştirak edəcək

Sammitdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunacaq...

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbəri Donald Trampın kürəkəni Cared Kuşner yanvarın 6-da, çərşənbə axşamı Parisdə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcəklər.

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid sosial şəbəkə X-də mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sammitin əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri olacaq. Aİ ölkələrinin liderləri mümkün razılaşmalar çərçivəsində Kiyevin təhlükəsizliyinin necə təmin olunacağını, Qərbin bu prosesdə hansı mexanizmlərlə iştirak edəcəyini müzakirə edəcəklər. ABŞ nümayəndələrinin toplantıya qatılması Vaşinqtonun bu məsələni Avropa tərəfdaşları ilə koordinasiyalı şəkildə müzakirə etmək niyyətində olduğunu göstərir.

Xatırladaq ki, dekabrın 30-da Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətlərinin konkret mexanizmləri ehtiva etməli olduğunu bildirib. Onun sözlərinə görə, bu zəmanətlərə monitorinq missiyasının yaradılması, həmçinin mümkün razılaşmaların pozulacağı təqdirdə Qərb müttəfiqlərinin operativ reaksiya verəcəyi bəndlər daxil edilməlidir. Zelenski vurğulayıb ki, yalnız kağız üzərində olan öhdəliklər Ukraynanın real təhlükəsizliyini təmin edə bilməz.

Paris sammiti Ukrayna münaqişəsi fonunda Qərbin gələcək strategiyasının formalaşdırılması baxımından mühüm mərhələ kimi qiymətləndirilir və burada qəbul ediləcək qərarların regiondakı vəziyyətə birbaşa təsir göstərəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
93
2
poliqon.info

3Mənbələr