AZ

Azərbaycanda torpaq altından gələn təhlükə: “Problem gələcəkdə daha ciddi ...” VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Son günlər ölkənin müxtəlif bölgələrində, xüsusən əkin sahələrində dərinliyi təxminən beş-altı metr olan çuxurların yarandığı bildirilir. Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a danışan Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, sözügedən məsələ Azərbaycanın bir sıra bölgələri üçün xarakterikdir.

Hava limanı yolunda kobud qayda pozan sürücü avtomobili vurdu; ziyanı ödəmədi - VİDEO

Onun sözlərinə görə, çökmələr intensiv hal alıb:

"Bunun bir sıra səbəbləri var. Karst relyeflərinin əmələ gəlməsinin əsas səbəbi yerin altında tez yuyulan süxurların olmasıdır və bu, çökmələrə səbəb olur. Gəncə-Qazax bölgəsində tədqiqat apararkən xırda karst relyef formalarına rast gəlmişdik. Bunlar, adətən, yalançı olur. Onların intensivliyindən danışılmırdı. Düzdür, bizim araşdırmalarımız beş-altı il əvvələ qədər idi.

Hazırda prosesin intensivləşməsi bizdə də maraq doğurur. Məhz 2026-cı ildən sözügedən ərazilərdə yenidən tədqiqatlar aparacağıq. Baxın, son dövrlər Gəncə-Qazax ərazisində kənd təsərrüfatı inkişaf edir. Bu məsələ ilə bağlı ərazinin landşaft xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini bildirsək də, buna fikir verən olmur. Kənd təsərrüfatı işləri görülərkən landşaft planlaşdırılmasının həyata keçirilməsi vacibdir.

Bizə müraciətlər olduqda bununla bağlı işlər görürük. Ağstafa rayonunun Ceyrançöl adlanan ərazisində suvarma və əkinçilik inkişaf edib. Mütəxəssislər bunu gəlir gətirən sahə kimi qiymətləndirirlər. Amma təbiətə dəyən ziyanlara əhəmiyyət vermirlər. Torpaq sahələrində suvarma aparılarkən süxurların aşağı qatları yuyulur. Gilli və suda həll olunan süxurlar meyilli tərəfə sürüşür, nəticədə yerin altında boşluqlar əmələ gəlir. Ağırlıq səbəbindən isə həmin ərazi çökür".

Mütəxəssis vurğulayıb ki, sözügedən məsələ gələcəkdə daha təhlükəli hal ala bilər:

"Dərinliyi az olan çuxurları görməzdən gəlmək olmaz. Bu bizim üçün siqnaldır. Səbəblərdən biri də iqlim dəyişikliyidir. Səth sularının azalması nəticəsində yeraltı sulardan istifadəyə üstünlük verilir. Həmçinin artezian quyuları qazılır. Nəticədə üzə çıxan su yeraltı süxurların tarazlığını pozur və çökmə baş verir.

Gəncə-Qazax bölgəsində gedən proseslər gələcəkdə evlərə də təsir göstərə bilər. Həyətyanı sahələrdə artezian quyuları qazarkən diqqətli olmaq lazımdır. Bu sulardan istifadə dövlət tərəfindən tənzimlənməlidir. Problemin qarşısını almaq üçün yeraltı sudan istifadə edərkən balansın gözlənilməsi vacibdir. Bununla bağlı hesablama aparmaq üçün mütəxəssislər ərazilərə cəlb edilə bilər. Bənzər çökmələri Şirvan düzündə də gözləyirik. Həmçinin Böyük Qafqazın cənub-şərq istiqamətində suvarma aparıldığı halda təhlükə ilə qarşılaşmaq olar".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
avtosfer.az

1Mənbələr