Bu gecə Rusiya qoşunları Kiyevdə stasionar şöbənin fəaliyyət göstərdiyi xəstəxanaya zərbə endirib. Pasiyentlər təcili təxliyə olunub, xəsarət alanlar var, bir nəfər isə həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında yazıb.
Zelenski bütün zərərçəkənlərə zəruri tibbi yardım göstərildiyini bildirərək, həlak olan şəxsin ailəsinə başsağlığı verib. Onun sözlərinə görə, xəstəxana bərpa olunacaq.
Zelenski, həmçinin gecə saatlarında Rusiyanın 165 zərbə PUA-sı ilə kütləvi hücum həyata keçirdiyini, onlardan təxminən 100-nün “Şahid” PUA-ları olduğunu bildirib.
Zərbələr nəticəsində ölkənin müxtəlif bölgələrində yeni dağıntılar və enerji təchizatında fasilələr qeydə alınıb. Fəsadların aradan qaldırılması üzərində təmir briqadaları, enerjinin bərpası üçün lazım olan avadanlıqlar və fövqəladə xidmətlər çalışırlar.