AZ

Avropa İttifaqı Venesuelada demokratiyaya keçid üçün şərait görür

Nikolas Maduro demokratik yolla seçilmiş liderin legitimliyinə malik deyildi, buna görə də Venesuelada baş verən son hadisələr xalqın rəhbərliyi altında demokratik kursa keçid üçün imkanlar açır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

"Ölkəni idarə etməli olan Venesuela xalqıdır, necə ki, dünyanın hər bir ölkəsində belə olmalıdır", – deyə o, ABŞ Prezidenti Donald Trampın "indi Venesuelanı Vaşinqton administrasiyası idarə edəcək" sözlərini şərh edərkən söyləyib.

Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper hadisələrin gedişatını gözləməyə çağırıb: "Hazırda biz diktator Maduronu görürük, o, demokratik yolla seçilmiş liderin heç bir legitimliyinə malik deyil. Biz Venesuela xalqının rəhbərliyi altında sülh yolu ilə demokratiyaya keçidi dəstəkləməyə davam edirik".

O həmçinin qeyd edib ki, ölkənin müxalifət liderləri – Edmundo Qonsales və Mariya Korina Maçado Venesuelada demokratiya və insan haqları uğrunda yorulmadan mübarizə aparıblar və bu keçidin iştirakçıları ola bilərlər.

"Milyonlarla venesuelalı dəyişikliklər üçün səs verib və bizim mövcud məlumatlarımıza görə, çoxluq Edmundo Qonsalesi dəstəkləyib. Buna görə də növbəti addımlar demokratiyaya keçidlə bağlı dialoqa aiddir və bu dialoqda Qonsales və Maçado iştirak etməlidirlər", – deyə Hipper yekunlaşdırıb.

Seçilən
55
1
far.az

2Mənbələr