AZ

Vaşinqton Tehrana çatdırır ki, "strateji səbr" dövrü bitib -ŞƏRH

“ABŞ-nin Venesuelada həyata keçirdiyi hücumlardan sonra Kuba və İran rəhbərliyi də ciddi narahatlıq keçirməlidir”.

Bunu ABŞ senatoru Lindsi Qrem “Axios” nəşrinə verdiyi müsahibədə  deyib.

Bəs ABŞ Kuba və İranda da analoji əməliyyat apara bilərmi?

Siyasi şərhçi Tural İsmayılov Redaktor.az-a bildirdi ki, senator Lindsi Qremin verdiyi açıqlama Vaşinqtonun xarici siyasətində baş verən fundamental dəyişikliyin "praqmatik müdaxilə" dövrünün rəsmi anonsu kimi qəbul edilməlidir. Onun sözlərinə görə, Nikolas Maduronun həbsi ilə nəticələnən əməliyyat beynəlxalq münasibətlərdə yeni bir presedent yaratdı:

"ABŞ artıq sadəcə sanksiyalarla kifayətlənmir, həm də birbaşa "nöqtəvi" hərbi-hüquqi addımlar atmaq iradəsini nümayiş etdirir. "Maduro presedenti" və Qərb yarımkürəsi
Lindsi Qremin işarə etdiyi "ciddi narahatlıq" ilk növbədə Kuba və Nikaraqua üçün aktualdır. Venesueladakı əməliyyat göstərdi ki, Vaşinqton öz "arxa bağçası" hesab etdiyi regionda kənar güclərin (Rusiya, Çin, İran) təsirini tamamilə sıfırlamağa qərarlıdır. Kuba üçün bu, həm də iqtisadi iflas deməkdir; çünki Venesueladan gələn dəstəyin kəsilməsi daxili sosial partlayışı qaçılmaz edir. ABŞ-nin burada hərbi güc tətbiqi ehtimalı, Maduronun həbsindən sonra "mümkünsüz" görünmür. Lakin bu, daha çox blokada və daxili müxalifətin birbaşa hərbi dəstəklənməsi formasında ola bilər".

Tural

Politoloq qeyd etdi ki, İran məsələsi isə tamamilə fərqli hərbi-siyasi çəkiyə malikdir:

"Venesueladan fərqli olaraq, İranın mütəşəkkil ordusu, regional proksi şəbəkəsi və geniş coğrafiyası var. ABŞ-nin İranda "Maduro ssenarisi"ni, yəni rəhbərliyin birbaşa həbsi və ya ölkə daxilində cərrahi əməliyyat həyata keçirməsi regional müharibə riskini daşıyır. Lakin Qremin mesajı həm də bir psixoloji müharibə elementidir. Vaşinqton Tehrana çatdırır ki, "strateji səbr" dövrü bitib və istənilən an hərbi infrastrukturun neytrallaşdırılmasına yönəlmiş kəskin addımlar atıla bilər".

Müsahibimizin sözlərinə görə, ABŞ-nin belə əməliyyatları başqa ölkələrə də tətbiq edib-etməyəcəyi bir neçə faktordan asılıdır:

"İlk olaraq logistik imkanlar: Cənubi Amerika ölkələri Vaşinqton üçün logistik cəhətdən daha əlçatandır. Sonra isə daxili dəstək məsələsi var. Əməliyyat aparılacaq ölkədə güclü bir alternativ siyasi qüvvənin mövcudluğu (məsələn, Venesuela müxalifəti kimi). Böyük güclərin (məsələn, Çin və Rusiya) həmin regiondakı maraqlarının dərəcəsi də önəmli faktorlardandır.

Nəticə etibarilə, ABŞ artıq "rejimlərin daxildən çökməsini gözləmək" strategiyasından "prosesi sürətləndirmək" taktikasına keçib. Maduronun başına gələnlər göstərir ki, artıq heç bir siyasi sistem "suverenlik" bəhanəsi ilə beynəlxalq hüquqi təqibdən və hərbi cəzalandırmadan tam sığortalanmayıb. Bu, təkcə Kuba və İran üçün deyil, Vaşinqtonun maraqları ilə kəskin ziddiyyət təşkil edən bütün qlobal oyunçular üçün ciddi bir xəbərdarlıqdır", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
76
1
redaktor.az

2Mənbələr