Şimali Koreya lideri Kim Çen In Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sonra keçirilən hipersəs raket sınağını şəxsən izləyib.
NOCOMMENT.az xəbər verir ki, Pxenyan ABŞ-nin bu addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək açıq şəkildə pisləyib. Bu barədə Bloomberg məlumat yayıb.
Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) bildirdiyinə görə, raket buraxılışı bazar günü hipersəs silah sisteminin etibarlılığını və döyüş qabiliyyətini yoxlamaq məqsədi ilə həyata keçirilib. Raketlər Pxenyan ərazisindən şimal-şərq istiqamətində buraxılıb və təxminən 1000 kilometr məsafədə yerləşən hədəfləri vurub.
Kim Çen In Karakasda baş verən hadisələrlə bağlı birbaşa açıqlama verməsə də, son geosiyasi proseslərin və beynəlxalq vəziyyətin kəskinləşməsinin KXDR-in nüvə potensialını daha da inkişaf etdirməsinin zəruriliyini göstərdiyini vurğulayıb.
Kyonqnam Universitetinin Uzaq Şərq Araşdırmaları İnstitutunun professoru Lim Eul-çul hesab edir ki, Nikolas Maduronun həbsi Kim Çen In üçün “nüvə silahından imtinanın intihara bərabər olduğu” düşüncəsini daha da möhkəmləndirəcək. Onun sözlərinə görə, bu vəziyyət Koreya yarımadasında nüvə silahlarının təsirinin azaldılmasına yönəlmiş beynəlxalq səyləri çətinləşdirə, Pxenyanın davranışlarında qeyri-müəyyənliyi artıra və ölkənin nüvə-raket imkanlarının daha sürətlə inkişafına səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl Kim Çen In KXDR-də silah istehsalının modernləşdirilməsi ilə bağlı göstəriş verib. Məlumatlara görə, Pxenyan Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi dəstək müqabilində əldə etdiyi texnoloji nou-haundan da yararlana bilər.