ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
"Ağacların qorunması ekoloji sabitliyin təmin olunması baxımından prioritet məsələlərdən biridir və bu istiqamətdə atılmalı olan ən mühüm addımlardandır. Lakin təəssüf ki, hazırkı mərhələdə arzu olunan nəticələr əldə edilmir. Bəzən imtiyazlı şəxslərin bu sahədə yol verdiyi qanunsuz əməllərə vaxtında qabaqlayıcı tədbirlərlə cavab verilmir. Nəticədə isə yalnız hadisə baş verdikdən sonra hansısa ərazidə ağacların qırıldığı barədə məlumat əldə edirik və yaşıllığın qəsdən məhv edilməsinin şahidi oluruq".Bunu Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O, bildirib ki, bu cür halların ölkə Prezidentinin son illərdə Bakı şəhərində yaşıllaşdırma və parkların salınması ilə bağlı təşəbbüsləri artırdığı bir dövrdə baş verməsi ciddi suallar doğurur:"Çünki Prezident dəfələrlə şəhərin hər yerində yaşıllığın artırılmasının, parkların salınmasının və Bakının gözəlləşdirilməsinin vacibliyini vurğulayıb. Hətta “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi də bu iradənin açıq ifadəsidir. Buna baxmayaraq, şəffaflığın tam təmin olunmaması fonunda bəzi məmurlar öz imtiyazlarına arxalanaraq belə addımlar atmağa cəsarət edirlər".Deputat bildirib ki, ağacların kəsilməsi və ya yaşıllığın məhv edilməsi sıravi vətəndaşın imkanları daxilində olan məsələ deyil:"Bu cür addımlar adətən hansısa gücə və ya himayəyə güvənərək atılır. Ona görə də qanunun tələbləri daha ciddi şəkildə tətbiq edilməli, ictimai nəzarət isə gücləndirilməlidir".O, qeyd edib ki, sevindirici haldır ki, bəzi hallarda vətəndaşlar yaşıllığın məhv edilməsinə qarşı çıxaraq öz mövqelərini açıq şəkildə bildirirlər:"Bu isə ictimai nəzarətin nə qədər vacib və təsirli olduğunu bir daha göstərir. Ümid edək ki, bundan sonra da ictimaiyyətin qaldırdığı bu problemlərin həlli istiqamətində dövlət qurumları daha qətiyyətli və ardıcıl addımlar atacaq".Qeyd edək ki, Xırdalanda yeni tikilmiş yaşayış binasının qarşısında ağaclar tikinti və abadlaşdırma işləri aparılan zaman kəsilib.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.