Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Uşaq bağçası cəmiyyətin ən həssas sosial institutlarından biridir və burada təqdim olunan hər bir vizual obraz uşaqların psixoloji inkişafına birbaşa təsir göstərir. Yeni il şənliyində uşaqlara uyğun olmayan, cinsi məna daşıyan və ya estetik baxımdan təhrif olunmuş kloun obrazlarının yer alması ictimai narahatlığın əsas səbəbidir”. Bunu sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, bu cür personajlar uşağın yaşına və qavrama səviyyəsinə uyğun deyil, çaşqınlıq, qorxu və ya yanlış assosiasiyalar yarada bilər:“Digər tərəfdən, hadisə cəmiyyətdə mədəni sərhədlərin zəifləməsi və kommersiya maraqlarının tərbiyəvi dəyərlərdən üstün tutulması problemini də üzə çıxarır. Bəzən şou və əyləncə adı altında diqqət çəkmək cəhdi sosial məsuliyyəti arxa plana keçirir. Bu isə xüsusilə uşaq auditoriyası üçün qəbuledilməzdir. Media və sosial şəbəkələrdə yaranan kəskin reaksiya təsadüfi deyil. Bu, valideynlərin və ümumilikdə cəmiyyətin uşaq tərbiyəsində milli-mənəvi dəyərlərin, yaşa uyğunluğun qorunmasına dair həssaslığını göstərir. Hadisə eyni zamanda bağçaların nəzarət mexanizmlərinin və tədbirlərin məzmununa dair selektiv yanaşmanın yetərli olmadığını da ortaya qoyur”.O bildirib ki, bu olay bir xəbər deyil, siqnaldır:“Bu siqnal ondan ibarətdir ki, uşaq mühitində mədəni filtr zəiflədikcə ictimai etiraz güclənir. Cəmiyyət bu cür hallara qarşı laqeyd deyil və bu da gələcəkdə uşaq müəssisələrində tədbirlərin daha ciddi sosial və etik çərçivədə planlaşdırılmasına ehtiyac olduğunu göstərir”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.