ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə bacısının keçmiş ərini öldürməkdə təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmədə hadisə yerindən videogörüntülər nümayiş olunub, təqsirləndirilən M. Hüseynzadə məhkəmənin suallarını cavablandırıb.
O, keçmiş kürəkənləri Zəhmət Əhmədova yaxınlaşaraq onu sakitləşdirmək istədiyini, maşına qoyub aparmaq istədiyini bildirib:
"Benzini tökəndən sonra mənə dedi ki, bəs deyirdin məni yandıracaqsan, yandır da. Maşına yaxınlaşanda isə getməkdən imtina etdi. Mən siqaret çəkmirəm, maşınımda da alışqan olmayıb. Məni tanıyan hamı bilir ki, mən maşınımda kiminsə siqaret çəkməsinə belə icazə vermirdim. Mən məhəlləyə çatanda Zəhmətin cibində siqaret də, alışqan da vardı".
Z. Əhmədovun həyat yoldaşı Aysel Əhmədova qardaşı ilə Z. Əhmədovun arasında heç vaxt mübahisə olmadığını deyib:
"Məni qorxutmaq istəyirdi yəqin. O, bu vaxta kimi heç vaxt pis sözlər deməz, söyüşlər söyməzdi. Mən bildim ki, onun halı özündə deyil, yoxsa Zəhmət belə sözlər deyən insan deyildi. Sonra xəstəxanaya onun yanına gedəndə Zəhmət mənə, mən Məhərrəmin üzünə baxa bilmirəm bu hadisəyə görə, çox xəcalət çəkirəm dedi".
Təqsirləndirilənin vəkili vəsatət verərək, Z. Əhmədovun xəstəxanada alınmış videoifadəsində onun psixoloji durumunun mütəxxəsis tərəfindən qiymətləndirilməsi, hadisə günü zərərçəkmişin davranışındakı qəribəliklərə baxmayaraq, hansı səbəbdən bunun nəzərə alınmayaraq müayinə edilməməsi, hadisə yerindəki videokameraların görüntüsünün keyfiyyətsiz olması səbəbindən faktlar üzrə təkrar ekspertiza təyin olunmasını məhkəmədən xahiş edib: "Əgər Məhərrəmdə alışqan vardısa, Məhərrəmin yanıq xəsarəti alması mümkündürmü?"
Hakim A. Əliyeva vəsatətin müzakirəyə çıxarılmadığını elan edib.
Şahid Əhmədov Seymur hadisədən bir gün sonra xəstəxanaya qardaşının yanına getdiyini bildirib:
"Həkim iki alışqan, siqaret, Zəhmətin şəxsiyyət vəsiqəsini mənə verdi. Bunları da iki gün sonra özüm müstəntiqə verdim".
Məhkəmə işi aparan müstəntiqin və həkimin şahid qismində məhkəməyə dəvət olunacağını bildirərək növbəti prosesi 19 yanvar saat 14:00-a təyin etdi.
Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora gələrək, səs-küy yaradıb.
Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.
Məhərrrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.