AZ

Ruslan Dadaşov özünəqədərki "Hatəm Tai”lərin layiqli varisidir!

İnsan manevr və cövlan edə biləcəyi orbit qədərincə böyükdür! Düşüncəsi-təfəkkürü-elmi-istedadı ilə gedib çıxa biləcəyi yerə qədər böyükdür Yerdə - ölkəsində və ölkəsindən xaricdə! Bu böyümə, böyüklük həm də o zaman cazibədar, təqdiredici olur ki, baxırsan, adam bünövrədən böyük böyüyüb, böyükləri böyük olub, onların əhatəsi böyüklüyün simvoludur! Haqqında danışacağım Ruslan Dadaşov elə istisna dostlardandır – təkcə mənim üçün yox e, bu günə qədər onu tanıyan hamının-hər kəsin nəzərində, görmə problemi olanlardan başqa!
Mən, adətən, oxucuya, regionallıq və şəxsi, qrup, partiya, peşə mənsubiyyətini istisna edərək, birmənalı şəkildə, Azərbaycan üçün dəyərli olanları təqdim edirəm – müxtəlif prizmalardan və rakurslardan baxıldıqda nə qədər yekrəng olmasa da! Fəqət bu dəfə bütün bu şərtlərə əməl edərək, həm də xüsusi vurğulayıram ki, məhz həmin müstəsnalıqları istisna edirəm. Çünki Ruslan Dadaşov çox az isimlərdəndir ki, Azərbaycanın hər yerində ona "bizim” qrafası şamil olunur, lap elə Tanrı dərgahında da belə olacağından əminəm!
SÖZARASI: Məhəmməd peyğəmbər meraca gedəndə görür ki, Tanrıya qədərki mərtəbələrin ikisi arasında qırğın gedir. Cəbrayıl ələyhissalamdan soruşur ki, bu nə qırğındır? Cəbrayıl ələyhissalam deyir: hacılarla xeyriyyəçilərin qırğınıdır, hər ikisi də hacı olmayan Hatəm Taini özününkü olmağı üstündə mübarizə aparır!
Ruslan Dadaşov da o tip istisnalardandır! Və özünəqədərki "Hatəm Tai”lərin layiqli varisidir!
Ruslan Dadaşov Azərbaycanda istənilən siyasətçi, siyasi icmalçı qədər Azərbaycan siyasi həyatına bələddir – fəqət, yaxın duranda yandıran, uzaq duranda donduran bu siyasi ab-havayla məqbul, qənaətbəxş məsafə saxlayır!
Ruslan Dadaşov Azərbaycanın istənilən ünlü jurnalisti qədər hadisələrin, olayların, baş verən proseslərin, proqnozlaşdırılan və proqnozlaşdırılmayan gedişatın məhəyini bilən aslardandır – fəqət apoGEYi "rəngli” olan peşə (cinsi mənsubiyyət kimi) azlığından, təmsilçiləri apoloGETlərdən ibarət Hərmələ (Hippokrat həkimlər üçün kimdirsə indi) jurnalistikası ilə də məsafə saxlayır!
Azərbaycanın iqtisadi siyasətini, Azərbaycan iqtisadiyyatının krallığını anlayan, dərk edən ən sərraf iqtisadçı, biznesmen, oliqarx, monopolist nə qədər zəkidirsə, eynən də Ruslan Dadaşov özüdür ki var!

Ruslan Dadaşov bu iqtisadi təbəddülatlardan, əndazəsiz sərvət eşqindən də uzaqdır – necə ki ictimai-siyasi, mətbu şöhrətpərəstlikdən uzaqdır!
Bu ştrixlərə-nüanslara ona görə diqqəti cəlb edirəm ki, hansı platformada çabalar yapmağa can atsaydı, mükəmməl obrazını yaradardı! Amma və lakin... niyə etmədiyini anlamaq üçün bunları bilmək lazımdır:
Ruslan Dadaşov böyük kişilərin şəcərəsində böyük böyüyüb – haracan ağlı, bacarığı, səriştəsi, bəsirəti, mövcud imkanlarla yüksələ biləcəyini də əvvəlcədən dəqiq bilib, hansı mərhələdə ondakı ağlın, səriştənin, bacarığın, bəsirətin FƏRASƏTlə əvəzlənəcəyini də təxmin edib: bu ölkədə FƏRASƏT yaltaqlıq, saxtalıq, manipulyasiya, maxinasiya və qanunlara tüpürmək hesab olunur!
Bax, Ruslan Dadaşovun bu üzünü görmədiyim üçün çox istəyirəm!
Loru dillə desək, onurğası olan dostdur-vətəndaşdır: "stoyka”sını saxlaya bilib, bilir, biləcək də!
YƏNİ: Ruslan Dadaşovu və şəcərəsini, əhatəsini, "kruq”unu, mühitini bilən adam bəlkə də fürsətcil, kəmfürsət, marginal olmamaqda ittiham edə bilər – günün tələbi belə düşündürəcək!
Ruslan Dadaşovu doğmaları, dostları, xeyirxahlıq etdiyi, dəstək olduğu cameə belə mənim rəğbətim, sevgim qədər sevgi bəsləyə bilməz – çünki hərəsi bir amilə görə çox istəyər özünə münasibətdə, amma mən onu ÖZÜMÜNKÜ UCALIĞINI UCALIQLA UCALIQDA QORUDUĞU üçün çox istəyirəm!
Mən on yaşımda, on beş yaşımda, və ən sonda, iyirmi yaşımda evimdə, elimdə ağırtaxta, ağsaqqal, xeyirxah kişilərin İDİMİNİ-İMİCİNİ Ruslanda gördüm özümün iyirmi beş, otuz... əlli, əlli beş yaşımda!
Ruslan yaşda məndən bir orta məktəb illəri qədərincə kiçikdir, amma məndən bir ali məktəb və bir ömür həyat unisersiteti illəri qədər böyükdür!
Onu tanıdığımdan bəri həm danışmağa kəsərli dilinin, həm də gərəkərsə, vurmağa güclü qolunun olduğuna şahid oldum!
Ruslan Dadaşov antik siyasi tarixdən ta müasir geosiyasi-politoloji problemlərə belə çözüm vermək savadına, məntiqinə, milli-etnik, dini debatlarda yüksək polemika mədəniyyətinə malik hərtərəfli şəxsiyyət nümunəsidir!
Ruslan Dadaşov hələ indi 50 yaşına çatır. Və mən Ruslan Dadaşovun 50 yaşına çatmasını seyr edənlərdən, sevgi və rəğbətlə izləyənlərdən olduğum üçün deyirəm: son 30 il, yəni müstəqillik dönəmi gözümüzün qabağında olub, yaşamışıq, görmüşük, şahidik, bilirik ki kim kimdir, ona görə də imza atıram – ölkədə gənc nəslin əzilmə, sınma, yaltaqlıq, satqınlıq, xəyanət yaşı çox cavanlaşsa da, Ruslan Dadaşov bu əlli yaşa ŞAX çatıb! Xırdalanmayan ŞAX əllilik ŞAH(ağacıl)IMIZDIR!
Bütün kübar adamlar əvvəl evini, küçəsini, kəndini böyüdür, sonra özü böyüyür, bütün böyütdükləri ilə birgə ölkəsinin böyüməsində bir vəsilə olur!
Mənə Azərbaycanın böyüklüyünü izah elə desələr, mən Ruslan Dadaşov kimi minlərlə soydaşımızın adını çəkərəm! Ölkə sərkərdələri, şəhidləri, alimləri ilə birgə, həm də TƏMƏNNASIZ vətəndaşları (həkimi, hakimi, hocası, jurnalisti və s) ilə böyükdür!
Azərbaycanda əzizləmə mənasında hər regionda bir oxşama müraciəti var, talışlarda boyli, avarlarda bizi, türklərdə abi, reginonlarda qağa və s. Amma Şirvanda, məhz də Şamaxıda bir "dadaş” xitabı var.
Bax, mənim o "dadaş” xitabından çox xoşum gəlir! Xüsusilə də Ruslana münasibətdə. Belə ki, "Ruslan Dadaş” müraciətində "d” kiçik hərflə yazılmaz və öz DADAŞ böyüklüyünü saxlayar! Adamın soyadı – şəcərəsi bu statusdadır!
Təbrik edirəm, Ruslan Dadaş – böyük böyüklərinin tərbiyəsi ilə böyük böyüyən, küçəsini, kəndini, elini böyük əməlləriylə böyük təqdim etməyi bacaran, Azərbaycanın öz payına düşən yerində böyüklük yerini boş saxlamayan ŞAX ƏLLİliyimiz, BALA ŞAH(ağacılı) OĞLUMUZ, Böyük Şah Oğlumuz – Şah İsmayıl Xətai sevdalımız!

YAZIYA SÖZARDI: Bir dəfə ikimizi də - məni də Ruslanı da yaxşı tanıyan dostumuz Arif Aydın qayıtdı ki, Aydın, sənin tay-tuşların Mixail Saakaşvili, bin Ladendir, onun biri Gürcüstanın prezidentidir, biri də dünyanın bir nömrəli t*rrorçusu, sən gör nəylə məşğul olursan, o polis şöbəsindən çıxırıq, bu məscidə gedirik, bu məsciddən çıxırıq, o xahişə gedirik, daha hara qalıb, bizi aparıb bihürmət edəsən?
Yazını bitirəndə yadıma düşdü bu dediyi. Həmişə irad tutanda dostlara, deyirəm ki, sənin yaşıdın Ruslan Dadaşovdur, özünə də bir bax, ona da!
Doğrudan da, Ruslan Dadaşov bütöv bir pleyadanın farağatına durası NÜMUNƏ AĞSAQQALDIR: 50 yaşında!
Azərbaycanda AĞSAQQALLIQ yaşı da cavanlaşıb, bir o sadə səbəbdən ki, efirlərdə, məclislərdə daha çox əlli yaşlılar bambılılıq, təlxəklik, "meymun”luq edir!
Ruslan Dadaşov onlardan yox, bizdəndir, özümüzünküdür!
Qürur duymağa dəyər! Hamımız və hamılıqla!

Möhtərəm və Möhtəşəm Aydın Can

Seçilən
36
azia.az

1Mənbələr