
Moldova ordusunda Kalaşnikov avtomatlarından tədricən imtina ediləcək, çünki ölkə NATO hərbi standartlarına keçməyi planlaşdırır. Bunu 5 yanvar tarixində respublikanın müdafiə naziri Anatoliy Nosatıy bildirib.
«Biz qərar verdik ki, Qərbdə istifadə olunan silahlara, NATO kalibrinə keçək. Bu isə bizə logistika bazasına, sursatlara və ehtiyat hissələrinə çıxış imkanı verir. Biz bunu tədricən edirik», – Moldova 1 telekanalı onun sözlərini belə təqdim edib.
Müdafiə naziri əlavə edib ki, artıq təxminən dörd bölmə ənənəvi avtomatlardan imtina edib. Onların arasında Baş Qərargahın hərbi bölmələri də var.