ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
“Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi iddialar hələlik öz təsdiqini tapmayıb və daha çox bəhanə xarakteri daşıyır. Nə Ukrayna tərəfi, nə də Avropa və ABŞ-ın kəşfiyyat qurumları bu iddiaları təsdiqləyib”.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa “Xalqcəbhəsi.az”-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, beynəlxalq dairələr bu cür açıqlamaları Rusiyanın hansısa hərbi əməliyyatı əsaslandırmaq cəhdi kimi qiymətləndirir:
“Bu baxımdan söhbət müharibənin davam etdirilməsi üçün yaradılan növbəti bəhanədən gedir.Ukrayna ordusu da hərbi fəaliyyətlərini genişləndirsə də, iki ölkə arasında münasibətlərin yaxın perspektivdə normallaşması real görünmür. Onun fikrincə, diplomatik müstəvidə Ukraynanın atdığı addımlar daha məntiqli təsir bağışlayır:
“Rəsmi Kiyev sülh razılaşmasının bəndlərinin müzakirəsində daha səmimi mövqe nümayiş etdirməyə çalışır. Bu isə Ukraynanın ABŞ-da və Rusiyanın prosesdən yumşaq şəkildə çəkilməsini istəyən qüvvələrlə konflikt yaşamamasına şərait yaradır. Proses hələ bir müddət davam edəcək.Ukraynanın Novqorodda və ya başqa bir ərazidə Rusiya dövlət başçısına qarşı hücum təşkil etməsi onun ümumi strategiyasına uyğun deyil. Ukrayna, hətta müharibə şəraitində belə, mülki əhalinin sıx yaşadığı əraziləri hədəf almaqdan çəkinir, əsas diqqəti yanacaq və hərbi-logistik infrastruktura yönəldir”.
Fazil Mustafa bildirib ki, Rusiyanın yanaşması isə fərqlidir və daha çox mülki əhalini hədəf alan hücumlarla müşahidə olunur:
“Bu, tərəflər arasında taktiki fərqi açıq şəkildə göstərir. Belə bir vəziyyətdə inandırıcılıq amili xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın beynəlxalq ictimaiyyət qarşısında etibar problemini aradan qaldırması olduqca çətin olacaq. Ukraynaya qarşı həyata keçirilən hücumlar Rusiyanın imicinə ciddi zərbə vurub”.
Deputatın fikrincə, yaxın dövrdə münasibətlərin sağlamlaşması və ya prosesdə əsaslı dəyişiklik gözlənilmir.
Günel Elxan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.