AZ

Deputat: “Azərbaycanın xarici siyasəti Venesuelaya münasibətlərdə konkret şəxsə yox, Venesuela dövətinə əsaslanır”

“Azərbaycanın  korrupsiya və digər əməllər olduğu halda Venesuela ilə niyə əməkdaşlıq etməsi barədə fikirlərin məntiqli olduğunu düşünmürəm. Prezident İlham Əliyevin rəhbərlik etdiyi və həyata keçirdiyi xarici siyasətin əsl qayəsini xalqın maraqları təşkil edir və ikitərəfli münasibətlər də məhz bunun üzərindən qurulub.  Azərbaycan və Venesuela arasında münasibətlər hələ Maduro Moros hakimiyyətə gəlməmişdən öncə yaranıb. İki ölkə arasında diplomatik əlaqələrin əsası 1995-ci ildə qoyulub. Bütövlükdə, münasibətlərimizin aktivləşməsi 2000-ci ildən etibarən başlayıb. Venesuela hər zaman Azərbaycanın bütün platformalarda ərazi bütövlüyünü  tanıyıb, Qarabağla bağlı münasibətlərdə açıq şəkildə Azərbaycanın mövqeyini daim dəstəkləyib. Azərbaycan da öz növbəsində Venesuelanın suverenliyini, daxili işlərinə qarışmama prinsipini əsas tutub”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

 

Deputat bildirib ki, Azərbaycan və Venesuela BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edib: “Həm Azərbaycan, həm də Venesuela neft istehsalçısıdır. Venesuela "OPEK"in üzvüdür, Azərbaycan "OPEK+" formatında əməkdaşlıq edir. Neft bazarında Venesuelanın böyük payı, üstünlüyü var. Bu nöqteyi-nəzərdən Azərbaycan və Venesuela arasında əməkdaşlıq edilməsi, təbii ki, doğrudur. Əsas əməkdaşlıq sahəmiz enerji, siyasi, diplomatik qarşılıqlı dəstək, beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyinin müdafiə edilməsidir.  Beləliklə, Azərbaycan və Venesuela arasında olan münasibətlər iki dövlətin maraqlarına xidmət edir. Ölkədən asılı olmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin çoxşaxəli, çoxvektorlu xarici siyasətinin əsasında Azərbaycanın maraqları amili hər zaman üstünlük təşkil edir. Hansı ölkədən hansı hakimiyyət olmasından asılı olmayaraq ikitərəfli münasibətlər yalnız Azərbaycan xalqının maraqlarına xidmət edən əməkdaşlıq formatıdır. Azərbaycanın xarici siyasəti Venesuelaya münasibətlərdə konkret şəxsə yox, Venesuela dövətinə əsaslanır. Azərbaycan dövlətlə dövlət münasibətlərini əsas tutur. Hakimiyyətlərin dəyişməsi münasibətlərin mahiyyətini dəyişmir”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Yanvar 2026, 17:51   
Seçilən
32
pravda.az

1Mənbələr