Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycanın 2025-ci ilədək və 2025 ildən sonrakı dövr üçün logistikanın və ticarətin inkşafına dair Strateji Yol Xəritəsində nəqliyyat sektorunun inkişafı, tranzit potensialının genişləndirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün konkret hədəflər müəyyən olunub. Yol xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq məqsədilə hazırlanan yeni intrastruktur və texnoloji layihələr daşıyıcıların işini müsbət istiqamətdə dəyişməklə tranziti sürətləndirir və xərcləri azaldır.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, yeni infrastruktur layihələri — müasir avtomobil yolları, dəmir yolu xətləri, limanların genişləndirilməsi, logistika mərkəzləri və terminallar yükdaşımalarını daha sürətli və etibarlı edir.
“Bu, tranzit müddətinin qısalmasına, gecikmələrin azalmasına və yükün dövriyyəsinin artmasına səbəb olur. Rəqəmsal sənədləşmə, onlayn bəyannamələr, elektron növbə sistemləri və GPS izləmə kimi alətlər daşıyıcıların vaxt itkisini minimuma endirir, idarəetməni avtomatlaşdırır və prosesləri şəffaflaşdırır. Bu yeniliklər həm də əməliyyat xərclərini azaldır, çünki daha az kağız işi, daha az gözləmə və daha az insan resursu tələb olunur”, - deyə H.Həsənov diqqətə çatdırıb.