BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə layihəsi olaraq “Sosial işin idarə olunması” elektron sistemin ilkin versiyası istifadəyə verilib.
TurkicWorld xəbər verir ki, yeni e-sistem sosial xidmətlərin daha səmərəli və vahid yanaşma əsasında təşkili və bu xidmətlərə ehtiyac duyan şəxslər və ailələrlə aparılan sosial iş prosesinin optimallaşdırılması məqsədi daşıyır.
Bu e-sistem sosial xidmətlər sahəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə, sosial xidmət göstərilməsi zəruri olan şəxslər, onların sosial xidmətlərə olan tələbatları barədə qurumlar arasında məlumat mübadiləsinin, nəticədə xidmətlərin göstərilməsinin operativliyinə imkan yaradır.
“Sosial işin idarə olunması” e-sistemi sosial işin planlaşdırılması, icrası və monitorinqi proseslərində çevikliyin və şəffaflığın artırılmasında, risklərin vaxtında müəyyən edilməsində də önəmli rol oynayacaq.
Növbəti mərhələlərdə sistemin funksionallığının genişləndirilərək təkmilləşdirilməsi nəzərdə tutulur.