AZ

Siqaret yenə bahalaşacaq? - AÇIQLAMA

Yanvarın 1-dən Azərbaycanda tütün məmulatlarının qiyməti aksiz vergilərinin artırılması fonunda yüksəlib. Bu dəyişiklik ictimai müzakirələrə səbəb olub və qarşıdakı aylarda siqaretlərin yenidən bahalaşacağı ilə bağlı sualları gündəmə gətirib.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev qiymət artımının səbəblərini və gözlənilən nəticələrini şərh edib:

“Təbii ki, aksiz artan kimi, qiymətlər də artır. Bu, həm toptan, həm də pərakəndə satışa təsir edir. Bütün dünyada siqaretlə mübarizə aparılır və inkişaf etmiş ölkələrdə onun qiyməti olduqca yüksəkdir. Məsələn, Amerikada siqaret 10 dollardan aşağı deyil, İngiltərədə isə təxminən 8-9 funtdur. Avropada da qiymətlər oxşardır.

Bəs bu qiymət artımının təsiri nə olacaq? Siqaret çəkənlərin sayı azalacaqmı? Mən buna inanmıram. İnsanlar ya siqareti az çəkəcək, ya da daha ucuz məhsullara keçəcək. Nəticədə isə yalnız ən keyfiyyətli siqaretləri çəkəcəklər. Əsas məsələ isə ya siqareti çəkməmək, ya da onu tədricən tərgitməkdir. Təbii ki, bunu etmək çətindir,  özümdən də bunu bilirəm, amma cəhd etmək lazımdır.

Siqareti azaltmaq da xeyli faydalıdır. Məsələn, gündə 5-6-7 ədəd siqaretlə kifayətlənmək maliyyə baxımından kömək edir”.

R.Quliyev həmçinin qeyri-qanuni idxalın, yəni kontrabandın bütün ölkələrdə mövcud olduğunu vurğulayıb:

 “Qeyri-qanuni idxal, yəni kontrabanda isə heç bir ölkədə tam qarşısı alınmayıb. Ümumiyyətlə, bu, bütün ölkələrdə müşahidə olunur və bazarın yalnız kiçik hissəsini, təxminən 3-5%-ni təşkil edir, əsasən də bahalı siqaretlərdə.

Məsələn, İngiltərədə mən gözlərimlə görmüşəm ki, siqaretlərin 10-15%-i qeyri-qanuni yolla satılırdı – ya aksizsiz, ya da başqa ölkələrin aksizi ilə. Amerikada bu nisbət daha azdır, amma qarşısını almağa cəhd göstərilir. Qiymət artdıqca siqaret bazarındakı marja (qazanc) artır və bu, kontrabandistlərin işinə təsir edir, onları daha ehtiyatlı olmağa məcbur edir. Azərbaycanda dövlət bu mübarizəni sərt şəkildə aparır və qeyri-qanuni satış çox azdır.

Gələcəkdə də bu qiymət artımının dövlət müdaxiləsi ilə idarə olunacağını düşünürəm. Qiymət artımından əldə olunan vəsaitlərin bir hissəsi siqaretdən ziyan çəkən insanlara köməyə ayrılmalıdır. Bəzi aparıcı ölkələrdə bu, xüsusi büdcə xərcləri şəklində həyata keçirilir: xəstəxanalar, psixoloji dəstək və dərman təminatı. Məncə, Azərbaycanda da bu məsələyə diqqət yetirmək lazımdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
44
yenisabah.az

1Mənbələr