AZ

Güclü dövlət və gücsüz qanunlar: “Venesueladakı pis presedent arxada qalacaq”

Son günlər Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən tutulması və ekstradisiya edilməsi ilə bağlı yayılan xəbərlər beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.

Məhz Vaşinqtonun bu addımı qlobal güc balansı, beynəlxalq hüququn sərhədləri və böyük dövlətlərin istənməyən liderlərə qarşı hansı həddə qədər gedə biləcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib. 

Xüsusilə ABŞ Prezidenti Donald Tramp administrasiyasının Maduronu bu formada hədəf almasından sonra “bənzər presedentlərin” başqa güclər, o cümlədən Rusiya tərəfindən də tətbiq olunub-oluna bilməyəcəyi müzakirə edilir.

Yəni Kreml gələcəkdə xoşuna gəlməyən hansısa liderə qarşı oxşar addım ata bilərmi?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat müasir dövrümüzdə əslində yeni bir mərhələnin əsasını qoydu.

Politoloq qeyd edib ki, bu, həm də mənfi presedent kimi qiymətləndirilməlidir:

“Bu hadisə mənfi yöndən dəyərləndirilməlidir. Belə ki, ABŞ bu hərəkətlə beynəlxalq hüququn prinsiplərini heçə saydı və artıq beynəlxalq hüquq işləmir. Nəticədə, dünyada güc faktoru ön plana çıxıb. Bununla da ciddi şəkildə mənfi bir tendensiyanın əsası qoyuldu deyə bilərik.

Artıq hansısa bir formada müəyyən özündə güc hiss edən dövlətlər özlərindən daha zəif və maraqlarına uyğun gəlməyən dövlətlərə qarşı bu tip addımlar atmağa həvəslənə bilərlər. Bu da gələcəkdə dünyada ciddi şəkildə bir xaosa sürüklənmə kimi də dəyərləndirilə bilər”.

Onun sözlərinə görə, bəzi dövlətlərin açıqlamalarına diqqət yetirdikdə, bu tendensiyanın artıq işarələrini görə bilərik:

“Məsələn, Fransa Xarici İşlər Naziri bəyanat verdi ki, “biz yenidən silahlanmağa başlamalıyıq”. Yəni bunun özü əslində müəyyən mənada həm də mesajdır. 

Bu bəyanatın iki əsas izahı ola bilər. Birincisi, Fransa özü müdafiə baxımından hərbi gücünü artırmaq niyyətindədir. İkincisi, Fransa keçmiş müstəmləkə dövlətidir, əslində həm də müasir dövrümüzdə də onun müstəmləkələri var. 

Müasir dövrdə də təsir zonalarını və imkanlarını daha da ciddiləşdirmək, qorumaq və genişləndirmək məqsədilə hərbi gücünü gücləndirə bilər. Məhz bəzi dövlətlərin açıqlamaları belə bir niyyətdə ola biləcəklərini deməyə əsas verir. 

Eyni zamanda, dövlətlər bu cür niyyətlərini açıq şəkildə ifadə etmirlər. Məsələn, İsrail hökumətinin artıq İrana qarşı “Dəmir Zərbə” adlı əməliyyatla bağlı məlumatlar yayılmaqdadır. Bu da göstərir ki, İsrail də buna oxşar hansısa bir əməliyyatı keçirtmək niyyətində ola bilər”.

Politoloq əlavə edib ki, Rusiyanın tarixində bu tipli hadisələrin olduğunu deyə bilərik:

“O ki qaldı mənfi presedentə və bu modelin istifadəsinə, burada daha çox bizim regionumuza yaxın ölkə Rusiyadır. Rusiyanın tarixində də bu tip və buna bənzər nümunələrin olduğunu deyə bilərik. Məsələn, 1979-cu ildə o zamankı Sovet İttifaqı, yəni əslində Rusiya Əfqanıstan prezidentinin sarayına gecə hücumu təşkil edərək onu qətlə yetirib ölkədə çevriliş etmişdi. 

ABŞ-nin Venesuelada atdığı addım əslində Rusiya kimi dövlətlər üçün müəyyən mənada bu cür hərəkətlərə stimul yarada, həvəsləndirə bilər. Amma bu tip əməliyyatların istənilən ölkə tərəfindən həyata keçirə biləcəyini düşünmürəm. Xüsusilə, Rusiyanın belə bir addımı daha çox keçmiş postsovet ölkələrini hədəfə ala bilər və bu, ciddi şəkildə anti-Rusiya ovqatının yüksəlməsinə səbəb ola bilər”.

Ekspert qeyd edib ki, Rusiyanın bu cür niyyətləri ola bilər, lakin onların reallaşması sual altındadır:

“Venesueladakı vəziyyət isə fərqli aspektdən qiymətləndirilir. Ölkədə diktatura rejimi mövcud idi, əhalinin sosial-iqtisadi vəziyyəti də kəskin pisləşmişdi. Maduro seçkilərdə üç dəfə qeyri-legitim hesab edilərək beynəlxalq güclərin böyük əksəriyyəti tərəfindən tanınmamışdı. Bu səbəbdən əhalinin bir hissəsi onun gedişini sevinclə qarşıladı.

Bütün hallarda Rusiyanın belə niyyətləri ola bilər, amma bunu həyata keçirmək imkanları olacaqmı? Bu, kifayət qədər ritorik və ciddi sualdır. Rusiya artıq dörd ildir Ukrayna bataqlığında ilişib qalıb və bu tip əməliyyatı həyata keçirmək üçün müəyyən resursları olsa da, hesab edirəm ki, ABŞ-ın potensialı ilə müqayisədə çox zəifdir.

Ümid edirik ki, Venesueladakı pis presedent arxada qalacaq və digər dövlətlər bu cür addımlara həvəslənməyəcəklər. Nəzərə almaq lazımdır ki, ABŞ oxşar əməliyyatı 36 il əvvəl Panamanın prezidentinə qarşı da həyata keçirmişdi”. 

Seçilən
81
cebheinfo.az

1Mənbələr