İranda baş verən kütləvi etiraz aksiyaları ölkədəki dini rejimin siyasi və ideoloji dayaqlarını sarsıdıb.
İqtisadi böhran nəticəsində baş qaldıran aksiyalar artıq tamamilə siyasi müstəviyə keçib. Nümayişçilərə odlu silahdan atəş açılmasına baxmayaraq, etirazlar səngimir. Polis və "Bəsic" qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda ən azı 16 dinc sakin ölüb.
İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçilərinin və polis əməkdaşlarının da qəzəbli kütlə tərəfindən ölümcül şəkildə döyülməsi faktları qeydə alınıb.
Bu arada xaricdən aksiya iştirakçılarına növbəti dəstək çağırışları gəlməkdə davam edir. ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İran hakimiyyətinə xəbərdarlıq edib. Tramp aksiya iştirakçılarına atəş açılacağı tərqdirdə ABŞ-nin İrana hərbi müdaxilə edəcəyini deyib.
Ağ Ev rəhbərinin bu açıqlaması Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sonra növbəti hədəfin İran olacağı barədə müzakirələrə səbəb olub. Yəni 2025-ci ilin iyun ayında baş vermiş 12 günlük müharibədən fərqli olaraq, ABŞ bu dəfə İranda teokratik rejimin devrilməsində maraqlı görünür.
Eyni zamanda, İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı haqqında məlumatlar artır. Artıq İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı “Dəmir zərbə” əməliyyatının keçirilməsi planını təsdiq edib. Bu barədə qərarın İsrailin təhlükəsizlik kabinetinin iclasında qəbul edildiyi xəbər verilir.
İsrail hərbi əməliyyatlara başlayacağı təqdirdə dövlət binalarına, nüvə obyektlərinə və raket bazalarına, havadan zərbə endiriləcəyi gözlənilir. 12 günlük müharibədə olduğu kimi, bu dəfə də İsrailin SEPAH və İran ordusnunun rəhbərliyinə daxil olan şəxsləri hədəfə alacağı ehtimal olunur. İranda hakimiyyət dəyişikliyinə cəhd edən İsrail daxili etirazlarla paralel, rejimə rəhbərlik edən dini və hərbi liderlərini zərərsizləşdirə bilər.
Bu baxımdan, teokratik rejimin aradan qalxacağı halda, İranın gələcək siyasi taleyinin necə olacağı son günlər gündəmin əsas sualına çevrilib. Daxildən müqavimət və xaricdən hücumlar nəticəsində İrandakı siyasi proseslərin iki istiqamətdə inkişaf edəcəyi ilə bağlı proqnozlar artmağa başlayıb.
Birinci ehtimal İranın parçalanması, bu ölkədə yaşayan xalqların müstəqillik qazanması ehtimalı ilə bağlıdır. İkinci variant isə molla rejiminin devrilməsi nəticəsində İranda dünyəvi dövlətin qurulması və 1979-cu il inqilabı zamanı ölkədən qaçmış Məhəmməd Rza şah Pəhləvinin oğlu Rza Pəhləvinin hakimiyyətə gətirilməsi planından ibarətdir.
Son günlər yaranmış xalq etirazlarından ruhlanan Rza Pəhləvi bir neçə dəfə xalqa müraciət edib. Rza Pəhləvi ölkədə davam edən ümumxalq etirazlarının iştirakçılarına bir daha çağırış edib. İnsanları küçələrə çıxmağa səsləyən keçmiş şahzadə etirazlar zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən öldürülən gənclərin qanının boşa getməsinə icazə verməyəcəyini bildirib. Göründüyü kimi, o, özünü sanki hakimiyyət sahibi kimi aparır.
Lakin İranda yaşayan millətlər onun hakimiyyət başına gətirilməsini istəmirlər. ABŞ və İsrail İranda Pəhləvilər sülaləsinin ölkə rəhbərliyinə qayıtmasında maraqlı görünür. Bu halda İranın bütövlüyü qorunacaq və Azərbaycan türkləri, bəlluclar, ərəblər, kürdlər, qaşqaylar azadlığa çıxa bilməyəcək.
İran nəzarət altında saxlanılan vassal dövlətə çeriləcək. Atası kimi panfarsist düşüncə tərzinə malik olan Rza Pəhləvi İranda yaşayan bütün xalqlara, o cümlədən türklərə qarşı qərəzli münasibəti ilə seçilir. O, açıq şəkildə qeyri-fars xalqların milli hüquqlarının təmin olunmasına qarşı çıxır. Ona görə də Azərbaycan türkləri, bəlluclar, ərəblər, kürdlər, qaşqaylar etiraz aksiyalarına dəstək vermir.
Çünki şah rejiminin bərpası yenidəın həmin xalqların daha ağır müstəmləkə vəziyyətinə düşməsinə və milli kimliyinə görə repressiyalara məruz qalmasına gətirib çıxara bilər. Bu baxımdan, İranda milli-azadlıq uğrunda mübarizə aparan xalqlar Rza Pəhləvinin hakimiyyətə gəlişini mövcud rejimdən daha təhlükəli hesab edirlər.
Hazırkı aksiyalarda Rza Pəhləvini dəstəkləyənlərin sayı çox deyil. Ona görə də o, sosial bazası olmayan monarx sayılır. Bu səbəbdən, Rza Pəhləvinin ümidi daha çox ABŞ-yə və İsrailədir. Pəhləvi hakimiyyətə gələrsə, İranın nüvə və raket proqramından imtina etmək barədə ABŞ-nin və İsrailin bütün şərtlərini qəbul edə bilər. Eləcə də, Pəhləvi İranın zəngin neft, qaz və mineral ehtiyatlarını ABŞ şirkətlərinin istifadəsinə verəcək.
Bu isə ABŞ-yə Çinin İranın enerji resurslarına çıxışını bloklamaq imkanı yaradacaq. ABŞ-nin belə bir geostrateji üstünlük qazanması Çini Yaxın Şərqdən sıxışdırmaq fürsəti yarada bilər.
İran ərazisinə nəzarətin ABŞ-nin əlinə keçməsi Zəngəzur dəhlizinə marağına azalmasına, Mərkəzi Asiya və Avropa arasında nəqliyyat-ticarət dəhlizinin, yəni daşımaların istiqamətinin dəyişməsinə səbəb olar.
Yəni Rza Pəhləvinin İranda hakimiyyətə gətirlməsi yalnız bu ölkədə yaşayan xalqlara deyil, bütövlükdə Cənubi Qafqaza da təsir edəcək təhlükəli mənfi proseslərə yol aça bilər.