“2025-ci il iki ölkə arasında intensiv təmas və normallaşma istiqamətində praktiki irəliləyiş dövrü kimi yadda qaldı. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vasitəçiliyi ilə görüşərək birgə bəyannamə imzaladılar. Hər iki ölkənin xarici işlər nazirləri həmçinin sülh müqaviləsini parafladılar. Beləliklə, tərəflər hərbi əməliyyatlara son qoymaq və tam normallaşmaya doğru irəliləmək öhdəliklərini bir daha təsdiqlədilər”.Bu fikirlər“Anadolu”agentliyinin təhlilində yer alıb.
Agentlik yazır ki, il ərzində qarşılıqlı etimadın gücləndirilməsi tədbirləri görülüb: “Azərbaycan Ermənistana göndərilən yüklərə qoyulan məhdudiyyətləri aradan qaldırmaqla regional ticarət və nəqliyyat marşrutlarının aktivləşməsinə töhfə verib. Azərbaycan neftinin Ermənistana ixracına başlanılması iqtisadi münasibətlərdə mühüm bir mərhələ kimi qeydə alınıb. Normallaşma prosesinin iqtisadi və infrastruktur ölçüləri baxımından, Zəngəzur Dəhlizi kimi də tanınan TRIPP layihəsi diqqət çəkib. Əsas Azərbaycanı Naxçıvanla birləşdirməyi və regional nəqliyyat və ticarət əlaqələrini gücləndirməyi hədəfləyən TRIPP Layihəsinin 2026-cı ildə Ermənistan ərazisində tikintisinə başlanacağı proqnozlaşdırılır. Qarabağ məsələsini siyasi və diplomatik yolla həll etmək üçün yaradılmış, lakin illərdir heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk Qrupunun ləğvi normallaşma prosesinin vacib elementlərindən biri idi. Bu addım artıq "Dağlıq Qarabağ problemi"nin olmadığını və tərəflər arasında məsələnin ikitərəfli və birbaşa danışıqlar yolu ilə həll edilməsi yanaşmasının tətbiq olunduğunu nümayiş etdirdi. İl ərzində tərəflər arasında sərhədlərin müəyyən edilməsi və açıq nəqliyyat əlaqələri üçün danışıqlar davam etdirilib, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri qrupları isə qarşılıqlı səfərlər həyata keçirib. Ermənistanda 2026-cı ildə keçirilməsi planlaşdırılan ümumi seçkilər də prosesin vacib mövzuları arasındadır.
Seçkilərdən sonra, baş nazir Paşinyanın partiyası hakimiyyətdəqalarsa, konstitusiyada dəyişiklik prosesi başlaya bilər. Bu kontekstdə, Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi iddialarına istinadların çıxarılması üçün referendumun keçirilməsi sülh müqaviləsinin tamamlanması istiqamətində vacib bir addım kimi vurğulanır. Məqsəd 2026-cı ildə normallaşma prosesini daha inkişaf etmiş mərhələyə çatdırmaqdır. Sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi cəhətdən müəyyənləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi qarşıdakı dövr üçün prioritetlər arasındadır. Enerji, nəqliyyat və ticarət sahələrində atılan addımların əhatə dairəsini genişləndirməklə məqsəd iki ölkə arasında münasibətləri davamlı sülh əsasında formalaşdırmaqdır”.
Ramil QULİYEV