Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Berlinin cənub-qərbində bir neçə rayonda əhali işıqsız qalıb. Elektrik kəsintisinə Lixterfelde elektrik stansiyasının yaxınlığındakı Teltov kanalının üzərindəki kabelli körpüdə baş verən yanğın səbəb olub.
Publika.az Almaniya mediasına istinadən xəbər verir ki, enerji infrastrukturunu hədəf alan bu təxribata görə məsuliyyəti öz üzərinə götürən "Vulkan" qrupu polisə məktub göndərib.
Məktubda Berlinin Lixterfelde rayonundakı törədilən yanğın "ictimai maraqlara uyğun hərəkət" kimi müdafiə olunub. Həmçinin bunun qazıntı yanacaq sənayesinə qarşı beynəlxalq həmrəylik aktı olduğu iddia edilib.
Almaniya daxili kəşfiyyat xidməti olan Konstitusiyanı Mühafizə üzrə Federal İdarənin (BfV) məlumatına görə, "Vulkan" qrupu 2011-ci ildən bəri Berlin və Brandenburq əyalətində vaxtaşırı vacib infrastruktur obyektlərinə qarşı yanğın və təxribat aktları həyata keçirir. Qrup "ətraf mühit" ritorikası adı altında dəmir yolu xətlərini, elektrik ötürücü kabellərini, telekommunikasiya infrastrukturunu və sənaye obyektlərini hədəf alan çoxsaylı hücumlarla əlaqələndirilib.
